Kubra Məhərrəmova yazır…
Bəşəriyyətin üçüncü dünya müharibəsinin astanasında durduğu dövrdə, bu günə Rusiya və ABŞ arasında Karib böhranından bu yana yaşanan ən çətin dövr desək, yanılmarıq.
Karib böhranı tarixə Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq münaqişə kimi düşüb. Belə ki, ABŞ ballistik raketlərini İtaliya və Türkiyədə yerləşdirdi. Sovet də çox düşünmədən raketlərini Kubada yerbəyer etdi. Qeyd edim ki, böhran 1962-ci ilin 16-28 oktyabr tarixlərinə təsadüf edir.
Nikita Xruşşov və Con Kennedinin siyasi oyununda ABŞ lideri qalib gəlmiş, böhran dəf edilmişdi. Detallara varmaq istəmirəm. İstəsəniz, internetdə xeyli məlumat var.
Təkcə onu qeyd etmək olar ki, o vaxt Xruşşov qorxaq və zəif oynamışdı.
Politoloqlar deyir ki, nüvə kartı hər zaman balanslanmış siyasəti aparmaq üçündür. Ümid edirəm ki, bəşəriyyəti nə bu gün, nə də nə vaxtsa hansısa axmağın eqosu məhv etməyəcək. Nüvə başlıqları elə siyasi kart kimi masada oynanılacaq.
Bu gün siyasi səhnədə oxşar ssenarinin oynanıldığı görünüşü yarana bilər.
Məsələn, Zelenskinin Münhen Təhlükəsizlik Konfransında ayaqüstə alqışlanması, Putinin Makronu Moskvada əli cibində qarşılayıb, özündən 10 metr uzaqda əyləşdirməsi, Putinin Lavrova “danışıqlar üçün imkan qalıbmı?” kimi sualı, Baydenin okeanın o başından Rusiyaya hədə-qorxu gəlməsi. Avropanın Ukrayna üçün çəpik çalması, Rusiyanı isə iqtisadi sanksiyalarla hədələməsi. Sonunda oyun, bəzən isə sirk ab-havası yaradır.
Açığı Avropanın Zelenskiyə ayaqüstə çəpik çalması məndə qıcıq yaratdı. Çünki o çəpikdən 30 il bizim üçün, Qarabağ üçün çalıb, üzdə “ay əqri viz yu” deyib, arxada “verin bu torpaqları, gedin” kimi sözlər çox deyilib. 30 illik mənasız danışıqlardan sonra Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi. Ali Baş Komandan danışıqlar masasından durub, torpaqları geri almaq uğrunda döyüşə başladı. Son dövrlərin yeganə qələbəsini qazandıqdan sonra isə Minsk qrupunun həyasız nümayəndələri elçi daşının üstündə oturdular ki, bəs bizi də qəbul edin.
Cənab Prezident onları qəbul etdi və siyasi protokol qaydalarına uyğun ola biləcək ən gözəl qaydada fikrini bildirdi. “Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”.
30 il ərzində biz anladıq ki, Qərbin ipinin üstünə odun yığmaq olmaz.
Eyni münasibəti Gürcüstanla bağlı da gördük. “Ay biz imkan verməyəcəyik Rusiya Gürcüstana daxil olsun, ay “gey paradlar” təşkil edəcəyik, sanksiyalar deyib, bayatılar qoşacağıq” – Fakt nə oldu? Rusiya hücum da etdi, hərbi bazasını da yaratdı. Avropa da qaldı baxa-baxa. Yəni artıq sübuta ehtiyac yoxdur. Qərb heç zaman Rusiya ilə kəllə-kələyə gəlməyəcək.
Rusiya Krımı qabağına qatıb aparanda Qərb və ya ABŞ nə etdi? Heç nə. Amma Rusiya Ukraynaya hücum etsə, bir avropalı və ya ABŞ-lı Rusiya ilə baş-başa gəlməyəcək. Elə uzaqdan qəhrəman Ukrayna xalqına çəpik çalacaq.
Zelenski özü də çıxışında açıqca müraciət etdi ki, bəlkə bizi dolamısınız? Ya NATO-ya qəbul edin, ya da işimizi bilək. Zelenski belə başa düşür ki, oyuna gəldi. NATO öz raketlərini Rusiyanın kandarında düzmək üçün Ukraynanı qurban keçisi etdi.
Yenə də ümid etmək istəyirəm ki, bu böhran da aradan qalxar. Çünki böyük dayılar söz güləşdirəndə arada günahsız insanlar məhv olur. Ukrayna xalqı isə bizim kimi kifayət qədər qurban verib. Bundan daha çox qan tökülməsini ancaq qansız insan istəyə bilər.
Onu da qeyd edək ki, bu gün Qərbin lideri yoxdur. Makron olub əl meymunu, Merkel təqaüdə getdi, təzəsi Olaf Şolts hələ oyundan baş aça bilmir, başqalarının isə “rus ayısı”nın qarşısına çıxmağa halı yoxdur.
Ümid edirəm ki, NATO Rusiyanı hər hansı bir təxribata gətirməz. Məsələn, hərbi gəmilərini Qara dənizdə yerləşdirməyəcək. Təəssüf ki, bu halda Putin nə qədər ehtiyat etsə də, yeri gələndə nə qədər qorxsa da, müharibə qaçılmaz olacaq.
De ki, beş günlük dünyadır, bu qan-qaraçılığını niyə salırsınız?