Ötən gün Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində qondarma qurumların – “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın (“LDXR”) müstəqilliyini tanındığını elan edib.
Tanınmış ukraynalı diplomat, Ukraynanın İrandakı keçmiş səfiri (2010-2014-cü illər), Ukraynanın ATƏT-in Qarabağdakı missiyasındakı keçmiş nümayəndəsi (1997-1998, 2004-2006-cı illər) və Rusiya Araşdırmaları Mərkəzinin (Kiyev) sədr müavini Aleksandr Samarski Oxu.Az-a müsahibəsində bildirib ki, bu qərar Ukraynanın ekspert toplusu üçün sürpriz olmadı:
– Mənə elə gəlir ki, “LDXR”nin tanınması qərarı, istənilən halda, Rusiyanın son illərdə xarici siyasətdə ən böyük məğlubiyyətidir. Axı Donbasda müharibə səkkiz ildir ki, davam edir. Ancaq Donbas “respublikalarının” “müstəqilliyi” Moskvada yalnız indi tanındı, baxmayaraq ki, bunu çoxdan etmək olardı. Fakt budur ki, Rusiyaya Donbas lazım deyildi. Ona bütün Ukrayna lazımdır. Ona görə də bütün bu müddət ərzində Rusiya Federasiyası bu məqsədə çatmaq üçün müxtəlif variantlar axtarırdı. Məsələn, Minsk razılaşmaları Rusiya Federasiyasının interpretasiyasında həyata keçirilsəydi, “LDXR” xüsusi hüquqlarla Ukraynanın tərkibində qalardı. O zaman Rusiyanın Kiyevin daxili və xarici siyasətinə təsir etmək imkanı olacaqdı.
Amma indi tam aydın oldu ki, Kremlin başlatdığı oyun iflasa uğrayıb. Rusiya Federasiyasının çarəsiz təzyiq və şantajına baxmayaraq, Kiyev çəkinmədi və suverenliyini məhdudlaşdırmağa getmədi. Hansı ki, Minsk razılaşmaları da məhz bunu nəzərdə tuturdu.
Avropa da Rusiyanın xeyrinə “oynamadı”, əksinə, onun Ukraynaya qarşı təhdidinə qarşı möhkəmləndi.
Nəticədə Rusiya rəhbərliyi “LDXR”i tanımaqla kifayətlənmək məcburiyyətində qaldı. Beləliklə, o, Minsk razılaşmalarından çıxdı.
Ukrayna buna görə nəyisə itirib? Bəli, amma cüzi bir şey. Axı “LDXR” Rusiyanın nəzarəti altında olduğu kimi qalmaqda davam edir. Xatırladım ki, vaxtilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov demişdi: “Biz heç vaxt Ukraynanın Minsk razılaşmalarının qarmaqlarından çıxmasına imkan verməyəcəyik”. Alınmadı. Keçdi! Ərazi itirilməsi isə müvəqqəti bir hadisədir. Azərbaycan da bu vəziyyəti yaxşı bilir. Əraziləri qaytarmaq üçün illər lazımdır, ölkəni gücləndirmək lazımdır. Bu, həyata keçiriləcək.
Rusiyaya gəlincə, o, faktiki olaraq, Avropada Belarusun konturu üzrə “LDXR”, bir tərəfdən ilhaq edilmiş Krım, digər tərəfdən isə Qərb dünyası üzrə yeni bir ayırıcı xətt yaradıb. Bu isə artıq dediyim kimi, onun xarici siyasətdə əsas məğlubiyyətidir.
Nair Əliyev