Yüz ilin gürcü və ukraynalı tənhalığı

Siyasət

Qan Turalı yazır…

Bu günlərdə “Odlar yurdu” kitabını oxumağa başladım və yüz il bundan qabaq Qafqazda və Ukraynada yaranmış siyasi vəziyyətin nə qədər bənzər olduğunu heyrətlə müşahidə elədim.

Bir az da carilikdən xilas olmaq üçün tarixə üz tutmuşdum, amma gerçəklikdən qaçmaq mümkünsüzdür.

I Dünya müharibəsinin gedişatında Rusiyada fevral inqilabı baş verir, oktyabrda hakimiyyətə gələn bolşeviklər Brest-Litovsk sazişini imzalayıb müharibədən çıxır.
Osmanlı imperiyası isə Sevr müqaviləsini imzalamağa məcbur edilərək faktiki olaraq məhv edilir.

İnqilabdan sonra dağılan “Xalqlar həbsxanası”na məhkum edilənlər azadlığa can atır.

Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Dağlılar Respublikası…

Təəssüf ki, müstəqilliyinə ilk son qoyulan ölkə Azərbaycan olur, 28 Aprel 1920.

Ancaq xalqımız bununla barışmır, üsyanlar başlayır.

AXC generallarının rəhbərlik etdiyi Gəncə üsyanında minlərlə Sovet əsgəri öldürülür. 

Ancaq bolşeviklər bu qisası vəhşiliklə alırlar: 15 min nəfər öldürülür. 

Bolşeviklərin vəziyyəti çətindir, Qərb ölkələrinin dəstəklədiyi ağqvardiyaçı Denikin ilə Rusiyada vətəndaş müharibəsi davam edir.

Krımda digər çar generalı Vrangel ruslara qarşı mübarizə aparır.

Sovet Rusiyasının canlı qüvvəsi, hərbi texnikası kifayət etmir.

Gürcülər və dağlılarla birgə müttəfiqlik yaradan Azərbaycan liderləri eyni zamanda silahlı üsyanlara başlamağa və bununla da bolşeviklərin onsuz da zəif olan hakimiyyətinə son qoymağa ümid edirlər.

Ermənistan həmişəki kimi öz ampluasındadır, ittifaqa qoşulmaq üçün Qarabağın onlara verilməsini şərt qoşur, qəbul etmirlər.
Amma bu xalqlara silah və hərbi yardım gərəkdir.

Fransanın Qafqaz nümayəndəsi Korbel dayanmadan raport yazıb kömək istəyir.

Gəncə üsyanının rəhbəri İbrahim Novruzov üsyan üçün gərəkli vəsaitin Fransaya qaytarılacağını vəd edir.

Topçubaşov Fransa Xarici İşlər Nazirliyində görüşlər keçirir, Fransaya kömək müqabilində Bakı neftindən pay vəd edir, Dağlılar Respublikasının tanınmasına nail olmaq istəyir.

Dağıstanda Şeyx Şamilin nəvəsi Səid Şamil qiyam qaldırır, uğurlu döyüşlər gedir.

Lənkəranda, Qarabağda, Zaqatalada üsyanlar baş verir.

Ancaq heç bir kömək gəlmir.

Daha doğrusu gəlir, ancaq necə…

Gürcüstan Rusiya tərəfindən işğal edilən gün hərbi yardım gətirilməyə başlanır. 

Bunun nəticəsində Ermənistan, Gürcüstan, Dağlılar Respublikasının və Ukraynanın müstəqilliyinə son qoyulur.

Türkiyə isə milli varlığını xilas etmək üçün ölüm-dirim döyüşünə girməyə hazırlaşırdı, Azərbaycanın Qızıl Ordu tərəfindən işğalından cəmi 2 gün əvvəl Sovet Rusiyasından hərbi yardım istəmişdi.

Fransa və İngiltərə heç olmasa Türkiyənin sovetləşməməsi üçün və təbii ki, Atatürkün qazandığı görkəmli zəfərlər səbəbindən Türkiyə ilə yeni sülh müqaviləsi imzalamağa məcbur oldular və onu müstəqil dövlət kimi tanıdılar.

Bir neçə il qabaq Bakını azad edən türk ordusu indi Azərbaycana kömək etmək iqtidarında deyildi.

İndi bu günə qayıdaq…

Ukraynanın bir hissəsi olan Krım Rusiyaya ilhaq edilib, bundan başqa ərazisində iki qondarma respublika qurulub.

Gürcüstan ərazisində iki oyuncaq dövlət yaradılıb.

Dağıstan müstəqillik qazana bilməyib, çeçen müharibələrində isə yüz mindən çox mülki şəxs həlak olub.

Bir sözlə, qəmli tarix davam edir və bu qəmli tarix fonunda Azərbaycanın zəfəri göz oxşayır… 

Yazıya nöqtə qoyanda Baydenin ABŞ şirkətlərinə  Donets və Luqanska sərmayə qoyuluşunu qadağan edən qərarı elan edildi.

Bu qərarın sabah axşama kimi Rusiyanı çökdürəcəyi şəksizdir.

P.S. Haqqında söhbət gedən kitab budur: “Odlar yurdu” (Azərbaycan mühacirətinin siyasi tarixi) Giorgi Mamulia, Ramiz Abutalıbov. Bakı 2015

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir