Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onun Rusiya Federasiyasına hazırkı səfəri dövlətlərarası münasibətlər tarixində qalacaq.
Bunu dövlət başçısı Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü zamanı bəyan edib.
O, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına göstərdiyi şəxsi diqqətə görə Mişustinə təşəkkür edib.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ikitərəfli ticarətdə artım potensialı tükənməyib və mümkün artım üçün ilkin şərtlər mövcuddur.
“Regional gündəmlə bağlı məsələlər təkcə bölgədə etimadın artırılması, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün də yaxşı zəmin yaradır”, – deyə dövlət başçısı qeyd edib.
Bir müddət öncə Vladimir Putinlə imzaladığı bəyannamədən danışan Azərbaycan Prezidenti bunu ikitərəfli hüquqi baza portfelindəki xüsusi sənəd adlandırıb.
“Əminəm ki, bu, ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bundan sonra artıq müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”, – deyə o, əlavə edib.
Mənbə: TASS