Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri Rusiya mediasının diqqət mərkəzindədir – FOTO

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri bu ölkənin mətbuat orqanlarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Prezident Vladimir Putinlə apardığı danışıqlar, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması, Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanışlıq və Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşü Rusiya mediasında geniş işıqlandırılıb.

“Rossiya-1” telekanalının “Vesti” proqramın Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Kremldə keçirilən görüşündən hazırladığı materialda bildirilir ki, Bakı və Moskva arasında tərəfdaşlığın yeni səhifəsini açan görüş iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Süjetdə qeyd olunur ki, tərəflər mühüm ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər. Azərbaycan Prezidentinin rusiyalı həmkarını Bakıya dəvət etdiyini vurğulayan “Rossiya-1” kanalının müxbiri planlaşdırılan səfərin əhəmiyyətinə diqqət çəkib.

Rusiyanın “Pervıy” telekanalı Azərbaycan Prezidentinin Moskvaya səfərinin əhəmiyyətini xüsusi qeyd edib. Görüşdə Ukrayna ilə yanaşı, Qarabağ ətrafında vəziyyətin də müzakirə edildiyinin qeyd olunduğu süjetdə V.Putinin regionda vəziyyəti müsbət qiymətləndirdiyi, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vurğuladığı əksini tapıb.

TASS agentliyi iki ölkə liderlərinin Moskva danışıqlarının başlıca yekununun müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması olduğunu yazıb. Agentliyin materiallarında bildirilir ki, Rusiya və Azərbaycan milli maraqlara cavab verən, üçüncü tərəfə qarşı yönəlməyən hərbi-texniki sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə görüşündən də geniş xəbər hazırlayıb. Görüşdə Azərbaycan ilə Rusiya arasında mühüm strateji məsələlərə toxunulduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanışlığı, eləcə də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü barədə ətraflı material təqdim olunub.

Rusiyanın digər aparıcı KİV-ləri, o cümlədən “RİA Novosti”, “İnterfaks” agentlikləri, “İzvestiya”, “Kommersant” qəzetləri, “News.ru” portalı, “Mir” telekanalı da oxucu və izləyicilərinə Azərbaycan liderinin Moskva səfərinin əhəmiyyətindən bəhs edən materiallar yayıb.

“Vestnik Kavkaza” agentliyi yazır ki, Azərbaycan ilə Rusiya arasında imzalanan Moskva Bəyannaməsi çox böyük önəm kəsb edir. Rusiya və Azərbaycan qarşılıqlı olaraq Cənubi Qafqazda etibarlı, öhdəliklərini yerinə yetirən müttəfiqlər qazanıblar. Müttəfiqlik öz milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib. Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir