Ermənistanın daha bir cinayəti üzə çıxdı – TƏHLİL + FOTO

Siyasət

Birinci Ermənistan-Azərbaycan müharibəsinin elə nəticələri var ki, onun izinə düşüb aşkara çıxarmaq çətinliklər yaradır.

Ermənistanın işğalının gətirdiyi əzablardan biri də 4000-ə yaxın azərbaycanlının itkin düşməsidir, bu günə qədər onların taleyi naməlum olaraq qalır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana çağırış edib ki, həmin şəxslərin taleyi barədə məlumat versin, kütləvi məzarlıqların ünvanını göstərsin.

İlham Əliyev fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə erməni jurnalist Marqarita Simonyanla dialoqunda da bu məsələyə toxunub və Simonyanı susdurub.

İlham Əliyev bildirib: “Təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”

Rəsmi İrəvan həyasızlıqla humanitar prinsiplərdən yayınır və müxtəlif epitetlərlə vəziyyəti pərdələməyə çalışır.

Ancaq ədalət gec-tez təcəlli edir və cinayətkarı mühakimə üçün əlavə əsaslar yaradır.

Ermənistan nə qədər öz müharibə cinayətlərini, o cümlədən etnik mənsubiyyətinə görə azərbaycanlıları öldürdüyünü ört-basdır etməyə çalışsa da, bu pərdə tədricən aradan qalxır.

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra humanitar diplomatiyanın prioritetlərini Ermənistanın diqqətinə çatdırır, Bakı 4000-ə yaxın azərbaycanlının taleyi barədə israrlı tələblərlə çıxış edir.

Metafora kimi qeyd etsək, deyə bilərik ki, sanki təbiət Azərbaycanın bu çağırışını eşidir, söhbət ondan gedir ki, Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkar edilib.

Həmin məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında GPRS koordinatlarla müəyyən edilib.

Bu, Ermənistanın müharibədəki vəhşiliklərinin daha bir nişanəsidir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında həmin kütləvi məzarlıq haqqında yazıb.

Ermənilər işğal zamanı Edillini azərbaycanlı əsirlər və girovlar üçün işgəncə düşərgəsinə çevirib. 

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4 000 azərbaycanlı itkin düşüb”, – deyə Hikmət Hacıyev qeyd edib.

Bu cür faktların aşkara çıxması Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı yeni presedent yaradır.

Bu presedent üçün Edillidən tapılan məzarlıq maddi dəlil kimi istifadə oluna bilər. Beynəlxalq ictimaiyyət bu cür müharibə cinayətlərinə səssiz qalmamalı və Ermənistan üzərində basqı yaratmalıdır.

Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə işğaldan azad etdiyi ərazilərin digər coğrafiyasında da belə kütləvi məzarlıqların olması istisna edilmir.

Yəqin ki, ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir