Türkiyənin Kocaeli şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyinin və Dərincə rayon Milli Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirlərdə yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə məruzəçi qismində çıxış edən dərnək sədri Volkan Aydəmir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verib.
Bu bəşəri cinayətdən 30 il keçməsinə baxmayaraq, indiyədək Xocalı faciəsinə dünya səviyyəsində hüquqi qiymətin verilmədiyi, Xocalı cəlladlarının cinayət məsuliyyətinə cəlb olunmadıqları, Azərbaycan xalqının, dünya azərbaycanlılarının və türk dünyasının beynəlxalq platformada Xocalıya ədalət tələb etdiyi nəzərə çatdırılıb.
Məruzəçinin çıxışı Xocalı soyqırımı həqiqətlərinə həsr olunmuş videomaterialların nümayiş olunması ilə müşayiət edilib.
Tədbirlər sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.