“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan hər iki ölkə ilə güclü əlaqələrimiz olduğu üçün dəfələrlə Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib. Həmçinin müttəfiqlərə ortaq mövqe nümayiş etdirməyə çağırıb. Türkiyə olaraq mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik səviyyədə əlimizdən gələni etdik. BMT sistemində islahatlarla bağlı çağırışlarımıza məhəl qoyulmadı və bunun ağır nəticələrini son böhranda gördük. Əgər çağırışlarımıza məhəl qoyulsaydı bu müharibənin qarşısını almaq olardı”.
Oxu.Az xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabından Rusiyanın Ukraynaya hücumu ilə bağlı etdiyi paylaşımda qeyd edib.
O dəfələrlə diplomatik həll üçün çağırış etdiklərini lakin müharibənin hazırda bir reallıq kimi qarşılarında dayandığını xatırladıb.
Fəxrəddin Altun beynəlxalq birliyin bir sıra regional və qlobal məsələlərdə birlik olmamasının eynilə Rusiya və Ukrayna böhranında olduğu kimi böyük problem olduğunu vurğulayıb:
“Bu münaqişə bizi iki faciə ilə üz-üzə qoyur. Birincisi, münaqişənin humanitar tərəfidir. Türkiyə bu məsələdə nə lazımdırsa edəcək. Digər regional qarşıdurmalarda olduğu kimi indi bu sahədə ilk təşəbbüskarlardan olacağıq. İkincisi isə reallığa qarşı amansız hücumlardır. Biz bu vəziyyətin də fərqindəyik. Dezinformasiya və yanlış məlumatlandırma kampaniyalarının qarşısını almaq üçün çalışırıq. Bu informasiya müharibəsində mənbəyindən asılı olmayaraq həqiqətin yanında olacağıq. Türkiyənin siyasəti ilə bağlı çoxlu spekulyasiyalar və şərhlər edilir.
Türkiyənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyası hər zaman münaqişənin tez və sülh yolu ilə həll edilməsinə yönəlib. Buna heç kimin şübhəsi olmasın. Türkiyə diplomatiyanın konstruktiv, yaradıcı gücünə inanır və hər böhranda bütün diplomatik variantlardan maksimum istifadə etməyə çalışmaqdadır. Bu son münaqişə həm uğursuz, həm də lazımsızdır. Biz bu müharibənin indiki və uzunmüddətli nəticələrinin qarşısını almağa çalışacağıq”.