Rusiyanın Ukraynanı və NATO-nu özünün strateji çəkindirmə qüvvələri ilə, yəni nüvə silahları ilə təhdid etməsi ABŞ-da elə də dərin narahatlıqlar yaratmır.
Rusiya bu hədəsini danışıqlarda üstünlük qazanmaq və şərtlərini qəbul etdirmək üçün vasitə kimi dövriyyəyə salır – ABŞ-da yəqin ki, indi bu fikir hakimdir.
ABŞ Prezidenti Co Bayden Vaşinqton və Moskva arasında gərginliyin nüvə müharibəsinə çevrilə biləcəyinə dair qorxulara sahib deyil. O bildirib ki, nüvə müharibəsinin olacağına dair fikirlərdən narahat olmağa dəyməz.
Baydenin fikirlərinin mahiyyəti bundan ibarətdir ki, ABŞ Rusiyanın nüvə təhdidini blef hesab edir.
Nüvə silahlarının tətbiqi adekvat cavabları zəruri edir ki, bu da bəşəriyyəti radiasiyalı təhlükə içinə alar və ekoloji mühit sarsıdıcı zərbələrə tuş gələr.
Nüvə qoxulu müharibədə qalib olmur, hər tərəf itirir. Rusiyanın nüvə gücü ABŞ, Fransa və Britaniyanın birgə nüvə potensialı ilə təxminən bərabərdir, ayrı-ayrılıqda isə Rusiyanın nüvə gücü üstündür.
Böyük güclərin strateqləri nüvə bombasını partlatmağı düşünmürlər, ancaq son anda strateji müdafiə üçün bu addıma getmələri də istisna deyil.
Nüvə silahlarının tətbiqi digər nüvə dövlətlərini də narahat edir, artıq Çin də Rusiyanın təhdidinə cavab olaraq Moskvanı təmkinli davranmağa çağırıb.
Hər bir nüvə gücünün özünün olduqca məxfi strateji döyüş xəritəsi mövcuddur.
Ancaq nüvə arsenalına malik ölkələr digərlərinin preventiv tədbirlərinin nə olacağı barədə aydın təsəvvürlərə malik deyil, bu isə onları nüvə zərbələrini endirməkdən çəkindirir.
Nüvə tətbiq edilsə də, edilməsə də, bunun təhdid kimi səslənməsi belə təhlükə saçan akta çevrilir.
Hələlik nüvə silahlarının atılması mümkün deyil və Ukraynadakı döyüşlər yalnız müharibədə icazə verilən silahlarla aparılacaq.
Aqşin Kərimov