Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova, Polşa, Slovakiya, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PZR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.
Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldovaya 6 500 vətəndaşımız, Polşaya 770 vətəndaşımız, Rumıniyaya 318 vətəndaşımız, Slovakiyaya 60 vətəndaşımız, Macarıstana isə 48 vətəndaşımız daxil olub.
Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.
Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyinin aşağıdakı qaynar xətləri ilə məlumat əldə edə bilərlər:
Telefon: +994505748595
+994506725868
+994125969422
+994125969301
Elektron poçt: [email protected]
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcək”, – məlumatda qeyd olunub.