Ukraynada davam edən hərbi əməliyyatlar Rusiya və Qərb arasında gedən hegemonluq mübarizəsinin də səhnəsinə çevrilib. Qərb özünəməxsus riyakarlıq və qlobal hökmranlıq iddiası ilə əlinə düşmüş fürsətdən maksimum istifadə edərək Rusiyanı çökdürməyə çalışarkən müharibənin bitməsində maraqlı olmadığını ortaya qoyur. Hər nə qədər Qərb Ukraynaya böyük dəstək göstərirmiş kimi göstərilsə də, əslində bu dəstək birbaşa olaraq müharibənin sonlandırılmasına yönəlmir. Burada Qərbin əsas məqsədi əsas rəqibi olan Kremlə mümkün qədər ağır zərbə vurmağa yönəlib. Sözügedən geosiyasi konfrontasiya fonunda isə Ukrayna və xalqı qurban verilir.
Bu məqam Ukrayna hakimiyyətinin də diqqətindən yayınmayıb. Belə ki, Ukrayna lideri Volodimir Zelenski açıqlamalarında bu məqamları xüsusilə vurğulayıb.
Məsələn, son olaraq Rusiyanın Ukraynanın hərbi sənaye kompleksinə zərbə vuracağını açıqlamasının ardından Qərb hakimiyyətlərini böyük bir sükut bürüdü. Volodimir Zelenski də, məhz bu səssizliyi sərt tənqid etdi.
Bundan əlavə Qərb dövlətləri müharibənin taleyində əhəmiyyətli dönüş ola biləcək Ukrayna səmasının qapadılması məsələsində də Kiyevə dəstək vermədi:
“Əgər siz bunu etməsəniz, bizə heç olmasa özümüzü müdafiə etməyimiz üçün təyyarələr verməsəniz bu cür nəticə çıxara bilərik: siz də həmçinin bizi yavaş-yavaş öldürmələrini istəyirsiniz. Bu həmçinin Qərb siyasətçilərinin məsuliyyətidir”, – deyə V.Zelenski qeyd edib.
Göründüyü kimi Qərbin bu mövqeyi Ukrayna dövlətini və xalqını böyük təhlükələrlə qarşı-qarşıya qoyub. Lakin geosiyasi mübarizə meydanında hökmranlıq iddiasında olan tərəflər üçün bu kiçik bir qurban hesab olunur. Əfqanıstana Sovet İttifaqının müdaxiləsi, Suriya və digər münaqişələrin tarixi onu göstərir ki, böyük güclərin maraqlarının toqquşduğu məqamlarda dinc insanların həyatlarını qurban vermək adi hal sayılır, edilən müdaxilələr xaos mühitinin davamlı olmasına gətirib çıxarır.
Ukraynada baş verənlər həmçinin Azərbaycan üçün də Qərb riyakarlığının ifşası baxımından önəm daşıyır. Belə ki, bu gün Qərbin maraqları heç də Ukrayna xalqı üçün deyil, Rusiyaya ağır zərbə vurmaq üçün eyni hədəfə köklənib.
Lakin Ermənistanın 30 il davam edən Azərbaycan torpaqlarını işğalı dövründə Qərb ölü sükutu nümayiş etdirib. İşğal və hərbi təcavüzə ikili yanaşma göstərib. Buna səbəb yenə də Qərb dövlətlərinin riyakar maraqları naminə dinc insanların üzləşdiyi faciələrə kor qalması olub.
Sözügedən dövrdə misilsiz riyakarlıq nümunəsi olacaq yanaşmalar ortaya qoyulub ki, bununla da, təəssüf ki, təcavüzkarla işğala məruz qalmış tərəf tərəzinin eyni gözünə qoyulub.
Halbuki, münaqişənin həlli üçün bu gün Qərbin ən fəal silahı kimi peyda olan sanksiyalar Ermənistana da tətbiq edilə, diplomatik müstəvidə təzyiq göstərilə bilərdi. Ancaq başda ATƏT-in Minsk Qrupu həmsədrləri olmaqla heç bir beynəlxalq platforma, təşkilat, qurum buna cəhd belə göstərmədi.
Ermənistan cəzasızlıq mühitindən istifadə edərək daha da azğınlaşdı. Qərbin nümayiş etdirdiyi bu ikili yanaşma ədalətin bərqərar olmasının qarşısında sədd yaratdı.
Lakin Azərbaycan dövləti keçilməz sədləri istər siyasi, istərsə də döyüş meydanında yararaq tarixi ədaləti bərpa etdi. Bununla belə Azərbaycan dövləti başda Prezident İlham Əliyev olmaqla bütün platformalarda tətbiq edilə ikili standartları ifşa etdi. Dövlət başçısı çoxsaylı çıxışlarında Ermənistana 30 il ərzində təzyiq göstərilmədiyini, təsir mexanizmlərinin işə salınmadığını açıq şəkildə bəyan etdi.
Prezident İlham Əliyev son olaraq martın beşində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən bu mövzuda yenidən fikirlərini səsləndirib:
“Əfsuslar olsun ki, bütün bu işğal illəri ərzində beynəlxalq birlik buna susurdu. Bununla belə, sizin bildiyiniz kimi BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq, Ermənistana ciddi təzyiq göstərilmirdi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi. Biz şücaət, vətənpərvərlik və gücümüzü göstərməsəydik, bu işğal davam edəcəkdi. Çünki bizə belə gəlirdi ki, beynəlxalq təşkilatlar artıq özləri vəziyyətə uyğunlaşmışdı. Mənasız danışıqlarla qəribə turistlər qrupu kimi Minsk qrupu bizi ildə bir neçə dəfə ziyarət edirdi. İndi isə bu danışıqların yalnız arxasında Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə çalışdığı sanki bir pərdə rolunu oynaması aydındır. Ermənilər bizim şəhər və kəndlərimizin adlarını dəyişirdi. Ermənilər dünyanın işğalı unutması üçün əlindən gələni edirdilər. Lakin Azərbaycan xalqı bunu unutmadı. Heç birimiz unutmadıq. Hamımız bir olaraq tarixi doğma vətənimizi azad etmək üçün canımızı qurban verməyə hazır idik və bu da baş verdi”.
Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi məhz Azərbaycan xalqı unutmadı və döyüş meydanında bütün dünyanın kor baxdığı həqiqətlərin təntənəsinə nail oldu. Bu işdə Azərbaycanda hökm sürən xalq-iqtidar birliyi, xalqın öz liderinə sonsuz inamı və onun arxasında bir yumruq kimi birləşməsi həlledici rol oynadı.
Bu gün isə dünyada cərəyan edən hadisələr hətta bəzi ekspert dairələrində belə III Dünya müharibəsinin başlanğıcı hesab olunur, dünyanın nəhəng toqquşmaların astanasında olması təhlükəsi vurğulanır. Bu cür mühitdən isə yalnız öz ölkəsinin milli maraqlarını qorumağa qadir liderə sahib olan ölkələr böyük qüvvələrin poliqonuna çevrilmədən, zərər görmədən çıxa bilir.
Elə Azərbaycan da dövlət başçısı İlham Əliyevin böyük məharət və qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsində mövcud bir çox təhlükələrdən kənarda özünün sabit inkişaf yolunu tutur, təhlükəsizlik adasına çevrilib.
Azərbaycan liderinin beynəlxalq nüfuzu, dünyanın siyasi arenasında sözünə böyük etimad olan lider kimi seçilməsi və onun rəhbərliyi altında Azərbaycanın yürütdüyü siyasət xətti bu gün ölkəmizin dünyanın bir çox regionlarının bürüyən xaosdan, böyük güclərin maraqlarının toqquşması nəticəsində zərər görməkdən uzaq olmasının başlıca səbəbidir.
Bu mənada qeyd edilməlidir ki, Azərbaycan xalqı uzun illər Qərbin ikili yanaşmasını, beynəlxalq mexanizmlərin tətbiqində ölkəmizə qarşı qərəzli mövqeyi aydın şəkildə müşahidə edib, qiymət verdiyi kimi Azərbaycan dövlətinin və onun lideri İlham Əliyevin də yorulmaz səylərini daim diqqətdə saxlayıb və yüksək qiymətləndirib.
Bunun əyani nümunəsi isə 44 günlük müharibədir. Həmin vaxt bütün dünya Azərbaycan xalqının öz lideri, dövləti ilə həmrəyliyi qarşısında heyrətə gəldi. Xalqın öz lideri ilə eyni hədəf uğrunda dəmir yumruq kimi birləşməsinin məğlubedilməz bir qüvvə olduğunun fərqinə vardı.
Bu gün isə dünyada təlatümlü proseslərin davam etdiyi bir dövrdə Azərbaycan xalqının məsuliyyəti daha da artır. İlk növbədə qeyd edək ki, xalq Azərbaycanın bu cür çətin proseslərdən güclü və yara almadan çıxmasını təmin edən dövlətinə və liderinə dəstəyini hər zaman ifadə etdiyi kimi bundan sonra da etməkdə qərarlıdır. Çünki Azərbaycan xalqının öz lideri və onun rəhbərliyində həyata keçirilən siyasətə etimadı və inamı sonsuzdur. Buna qədər olduğu kimi bundan sonra da Azərbaycan xalqı ölkə xaricində və daxilində fəaliyyət göstərən bədxahlara qarşı mübarizə aparmaqda qərarlıdır.
Azərbaycan xalqı dövlətinin və liderinin dünyada artan nüfuzunu, geosiyasi proseslərdə fəal iştirakını, söz sahibi olmasını görür, qiymətləndirir və bundan sonra da istənilən məsələdə dövlətinin və liderinin arxasında dayanmağa, dəstəkləməyə və uğurlu inkişaf naminə mübarizə aparmağa davam edəcəkdir.
Orxan Tağıyev