“Məlum olduğu kimi, ayrı-ayrı Qərb ölkələrinin liderləri, o cümlədən beynəlxalq qurumlar fasiləsiz olaraq haqdan, ədalətdən, insan hüquqlarından, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığından bəhs edirlər. Onlar bunun Qərb üçün guya əvəzedilməz prinsiplər olduğunu iddia edirlər. Lakin reallığa gələndə biz tamamilə başqa mənzərənin şahidi oluruq. Daha dəqiq desək, artıq adət etdiyimiz ikili standartlı yanaşma bu məsələlərdə də qabarıq şəkildə özünü büruzə verir. Biz bunu Rusiya-Ukrayna hərbi qarşıdurması fonunda bir daha müşahidə edirik”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, vaxtı ilə torpaqları işğala məruz qalan ölkə kimi Azərbaycan bu hallarla rastlaşan digər ölkələrin vəziyyətini başa düşür, yaxşı anlayır:
“Eyni zamanda, biz Ukraynaya dəstək xarakterli bəyanat və fikirlərin də niyə səsləndirildiyinə etiraz etmirik. Sadəcə qeyd edirik ki, Ukrayna fonunda Qərbin riyakarlığı, hadisələrə ikili standartlardan yanaşması bir daha bütün çılpaqlığı ilə ortaya qoyuldu. Söhbət Qərbin işğal və hərbi təcavüzə Azərbaycan kontekstində bir cür, Ukrayna kontekstində isə başqa cür yanaşmasından gedir. Bu gün Ukraynada baş verənlərə dərhal, bir saniyə belə itirmədən reaksiya verən, Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb 30 il davam edən Ermənistanın işğalına münasibətdə lal, kar, kor oldu. Bu, azmış kimi, Qərb institutları bir qədər də irəli gedərək işğalçı ilə işğala məruz qalana eyni cür yanaşdı. Halbuki Qərb bu gün göstərdiyi çevikliyi vaxtında Ermənistana qarşı yanaşmada da sərgiləsəydi, bu işğal 30 il davam etməzdi”.
V.İskəndərovun sözlərinə görə, vaxtında Ermənistana sanksiyalar tətbiq edilsəydi və diplomatik-siyasi təzyiqlər göstərilsəydi, münaqişənin həllində irəliləyiş olardı:
“Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən bunun heç biri edilmədi. Halbuki Prezident İlham Əliyevin Ermənistana sanksiyalar tətbiq edilməsi barəsində əvvəllər çoxsaylı çıxışları olmuşdu. Lakin Qərb ölkələri bu çağırışlara müsbət reaksiya vermədilər. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələri də 30 il kağız üzərində qaldı. Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbulu zamanı da bu məqama toxunub. Dövlət başçısının bəyan etdiyi kimi əfsuslar olsun ki, bütün bu işğal illəri ərzində beynəlxalq birlik buna susurdu. “Bununla belə, sizin bildiyiniz kimi BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq, Ermənistana ciddi təzyiq göstərilmirdi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi”, – deyən cənab Prezidentin bildirdiyi kimi biz şücaət, vətənpərvərlik və gücümüzü göstərməsəydik, bu işğal davam edəcəkdi. Çünki bizə belə gəlirdi ki, beynəlxalq təşkilatlar artıq özləri vəziyyətə uyğunlaşmışdı. Mənasız danışıqlarla qəribə turistlər qrupu kimi Minsk qrupu bizi ildə bir neçə dəfə ziyarət edirdi”.
“İndi isə bu danışıqların arxasında Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə xidmət edən məqsədlərinin dayandığı aydınlaşır. Dövlət başçısının da bəyan etdiyi kimi, ermənilər bizim şəhər və kəndlərimizin adlarını dəyişirdilər. Ermənilər dünyanın işğalı unutması üçün əlindən gələni edirdilər. Lakin Azərbaycan xalqı bunu unutmadı. Heç birimiz unutmadıq. Hamımız bir olaraq tarixi doğma vətənimizi azad etmək üçün canımızı qurban verməyə hazır idik və bu da baş verdi. Bir sözlə, 44 günlük Vətən müharibəsi zamanı cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi və BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra edilməyən qətnamələrini də icra etdi. Halbuki bunu Qərb özü edə bilərdi, əgər proseslərə ikili standartlardan yanaşmasaydı”, – deputat əlavə edib.