Sanksiyalar Putini dayandıracaqmı? – TƏHLİL

Siyasət

Rusiyanın Ukraynaya dair strategiyası hərbi güc tətbiqi ilə nəticələndi, Qərbin isə adekvat addımı iqtisadi təzyiq alətlərini Moskvanın başı üzərinə qaldırmasıdır.

Sanksiyaların Rusiyaya təsirlərinin miqyası böyüyür, bunun iqtisadi nəticələrini iqtisadçılar və maliyyə işi üzrə ixtisaslaşan ekspertlər daha aydın izah edə bilərlər.

Sanksiyaların iqtisadi tabloda ümumi nəticəsi belədir ki, iqtisadi sfera çalxalanır, bunun davamlı olub-olmayacağı da sual altındadır.

İndi əsas sual budur: Sanksiyalar Rusiya Prezidenti Vladimir Putini planlarından vaz keçirə biləcəkmi?

Putin Ukraynaya müdaxilə planlarını masa üzərinə qoyarkən təbii ki, bunun hansı iqtisadi fəlakətlərə gətirib çıxaracağını hesablayıb, lakin Qərb də sürprizini əsirgəmir. Mövcud sanksiyalar Putinin hesabladığı risklərdən azı iki pillə yuxarıdadır. Görünür ki, Rusiya rəhbərliyi Avropa və ABŞ-ın Moskvaya qarşı müştərək iradəsinin hansı nəticələr doğuracağını səhv hesablayıb.

Bununla belə, sanksiyalar Kremlin siyasi qərarlarına təsir etmir və Moskva Ukraynaya dair planlarının icrasından geri çəkilən bir tövr sərgiləmir.

Belə olan təqdirdə sanksiyalar qar topası kimi böyüyür və “yaz gələndə” əriməsi an məsələsi olur. Yəni, Qərbin sanksiyaları Rusiyanın siyasi qərarlarına təsir etmə gücündə olmasa, Qərb də iqtisadi mənfəətlərini ön plana çıxaracaq və hadisələri öz axarına buraxacaq, tətbiq etdiyi sanksiyaların işləmə mexanizminə nəzarəti də formal olacaq.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra da sanksiya dalğasına məruz qalmışdı, amma iqtisadi məharətlə bu dağıntıların altından çıxmağı bacardı.

Putinin hesablaya bilmədiyi digər məqam isə Ukrayna ordusunun müqaviməti və Ukrayna xalqının dirənişi idi – yəqin ki, Kreml asanlıqla ram edə biləcəyini düşünürmüş.

Rusiya ordusunun verdiyi itkilər də Kremli çəkindirən amilə çevrilmir. Buna görə də, Rusiya nəyin bahasına olursa-olsun Ukraynadan istədiyini qoparmayınca əl çəkməyəcək – istər hərbi mənada, istərsə də, siyasi məzmun etibarı ilə.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir