Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.
Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər. Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.
Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Nazirlər, İranın nüvə proqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.