Cənab deputat, sizi təhdid edən kimdir?

Siyasət

Azərbaycanda müxalifət tez-tez kadr dəyişikliyindən, yenilikdən söz açır. Amma özlərində köhnə hamam, köhnə tasdır.

Özləri yenilikdən danışıb, yerində sayan, kreslodan bərk yapışan siyasi fiqurlar təkcə müxalifətdə deyil.

Elə Milli Məclisin də özünü iqtidara sevdirməyə çalışan, ancaq özünə parlament müxalifəti deməkdən çəkinsə də, müxalif mövqe sərgiləyən siyasətçisi var.

Bu, deputat Fəzail Ağamalıdır. Deputat Fəzail Ağamalı 1990-cı ildən Ana Vətən Partiyasının sədridir. Tək və əvəzsiz sədri. 1996-cı ildən AVP parlamentdə təmsil olunur.

Fəzail Ağamalı haqqında çox yazılıb, çox deyilib, onun indiki tarixdən nisbətən daha uzaq illərə gedən siyasi fəaliyyəti, siyasi yerdəyişmələri haqqında çox fikirlər var.

Məlumatlara əsasən, Fəzail Ağamalı müəllimi və vaxtilə mənəvi lideri hesab etdiyi Əbülfəz Elçibəyə qarşı 1975-ci ildə DTK-da ifadə verib. Mərhum Əbülfəz Elçibəyin məşhur “Fəzail kimi təxribatçılar”, ANS-in efirində dediyi “Sus, Fəzail, mənim yanımda danışma” ifadələrinin kökü də yəqin ki, bu hadisə ilə bağlıdır.

Sonralar Zərdüşt Əlizadənin “Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” deməsi az da olsa Əbülfəz bəyin Fəzail Ağamalını susdurmasına aydınlıq gətirmiş oldu.

İnsafən, bu mövzularda Fəzail Ağamalıya suallar veriləndə özünə haqq qazandıra da bilib. Baxma, neçə ilin siyasətçisidir, siyasətçilərə məxsus bacarıqlar onda da formalaşıb.

Onları bir-bir yada salmayacağıq. Sadəcə bu yaxınlarda Fəzail Ağamalının şəhid ailəsinə məxsus 246 hektar ərazini zəbt etdiyinə dair informasiya diqqətimizi çəkdi. Fəzail Ağamalı həmin iddia ilə bağlı təkzib verərək şərləndiyini deyib.

Fəzail Ağamalı cebhe.info-ya deyib: “Hamısı yalandır. Görürlər ki, mən son günlər aktivlik nümayiş etdirirəm, buna görə bilmirlər ki, mənimlə necə mübarizə aparsınlar. Görünür ki, ayrı cür cavab verə bilmirlər, şərə, böhtana başlayıblar”.

İddianın doğruluğunu yoxlamaq imkanımız yoxdur. Bu yazının üslub və metodologiyası belə bir tələbi də qarşımıza qoymur. Fəzail müəllimə isə sualımız budur ki, sizi şərləyənlər kimlərdir? Hansı çıxışınıza görə belə edirlər? Sizinlə mübarizə aparmaq istəyən kimlərdir?

Biz müstəntiq deyilik, jurnalistik və sualı da jurnalist kimi veririk. Cənab deputat, bəlkə, təhdid olunursunuz və bunu demirsiniz? Kimdir sizi təhdid edən, cənab millət vəkili?

Fəzail Ağamalının son illərdə adı mətbuatda heç də müsbət məsələlərdə hallandırılmayan biznesmen Mübariz Mənsimovla da yaxın əlaqələri olub. Belə ki, deputat bir zamanlar onların bir yerdə çəkilmiş fotosu haqqında belə deyib:

“O foto restoranda çəkilib. Biz bir yerdə yemək yemişik. Mənim Mübariz Mənsimovla bir yerdə oturub yemək yeməyim və foto çəkdirməyim nə vaxtdan böyük hadisə olub ki?”

Bilmirik, qəbahətdir, ya yox. Həm də onu bilmirik ki, orada hansı böyük işlər danışılıb. Söhbət o Mübariz Mənsimovdan gedir ki, onun adı FETÖ terror təşkilatı ilə əlaqədən tutmuş, ermənilərlə işbirliyində hallanıb. 

Amma Mübariz Mənsimov dəfələrlə deyib ki, guya özünün “Palmali” şirkətində heç bir erməni işləmir. Ola bilər, amma Mənsimov erməni əsilli amerikalı biznesmen Levon Termencyanla işbirliyi qurub. 

Aqil Vəlili

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir