İlham Əliyevin Türkiyə səfəri, strateji planlar – TƏHLİL

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edərək Rize-Artvin hava limanının açılışında iştirak etdi.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə strateji müttəfiqlik jesti edərək açılışda ilk sözü İlham Əliyevə verdi.

Liderlər çıxışlarında Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə girməsi və bundan sonra daha da dərinləşdirilməsinin mesajını beynəlxalq və regional ictimaiyyətin diqqətinə çatdırdı.

Türkiyə dünyada tarazlığın nizamlayıcısı rolunda çıxış edən ölkədir və regionda böyük ambisiyaların cilovlanmasına nail olmağa çalışır.

Qarşıda Azərbaycan-Türkiyə gündəliyində ideoloji cəhətdən sıx birləşməyin möhkəm bağlarını yaratmaq çağırışı dayanır və bunun üzərində müzakirələr aparıldığını deyə bilərik.

Azərbaycanla Türkiyə bu ideoloji zəminlə beynəlxalq sistemdə qalıcı möhkəm mövqelər qazanmağa can atır, istəklərinə nail olur və bundan sonra da olacaq.

Bakı-Ankara ikilisinin gedişləri beynəlxalq münasibətlər sistemində yaranan anlaşılmazlıqlar və qarşıdurmalar silsiləsinə verilən reaksiyadır.

Bu reaksiyanın mühüm elemenetləri və onun perspektivləri:

1. İki ölkə arasında strateji müttəfiqlik əlaqələrinin ruhundan irəli gələrək hərbi, hərbi-texniki əməkdaşlığı dərinləşdirmək. Gələcəkdə bu, hərbi ittifaq səviyyəsində rəsmiləşəcək.

2. Türk Dövlətləri Təşkilatında Bakı-Ankara maraqları çərçivəsində müdafiə gücü yaradılır. Perspektivdə təşkilata müşahidəçi qismində digər dövlətlər də qatıla bilər (hazırda Türkmənistan və Macarıstan müşahidəçidir).

3. Cənubi Qafqazda Türkiyənin hərbi-siyasi və iqtisadi iştirakını gücləndirmək. Böyük ehtimalla artıq Türkiyənin Cənubi Qafqazda hərbi bazasının rəsmi şəkildə yaradılmasının istiqamətləri müzakirə masasındadır,

4. Rusiya-Ukrayna müharibəsinin region üçün yaratdığı təhlükələrə qarşı sədd çəkmək. Bunun üçün Əliyevlə Ərdoğan birlikdə çoxgedişli kombinasiyalar edir. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi Türkiyənin münaqişəyə cəlb edilməsi meyllərinin tüğyan etməsi ilə müşayiət olunur. Belə bir zamanda Ankaraya Cənubi Qafqazda iqtisadi-siyasi, hərbi əsaslarını bərkitmək üçün Azərbaycan kimi müttəfiqi köməyə çatacaq.

5, Türkiyə Azərbaycanın təhlükəsizliyinin zəmanətçisi olduğunu hüquqi-nəzəri sənədlərdən çıxararaq praktiki şəkildə nümayiş etdirir. Azərbaycanın sərhədlərinə, təhlükəsizliyinə real təhlükə yarandıqda və ya bu təhlükənin yaradılması üçün zəmin hazırlandıqda Bakı ilə Ankara potensialını işə salacaq.

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşündə mümkündür ki, həmin istiqamətlər üzrə müzakirələr aktuallıq təşkil edib.

Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizlik Bakı-Ankara tandeminin gündəliyində qırmızı xətlə keçir və burada mövqelər bəzən Rusiya ilə, bəzən isə Qərblə uzlaşdırılır. Böyük ambisiyalar çıxdaş edilir, praqmatik təkliflərə açıqlıq göstərilir və müştərək maraqlar yaradılır. Həm Rusiya, həm Qərblə münasibətləri gərginləşdirməmək Bakının da, Ankaranın da marağındadır, amma bunu başa düşməyənlərə qarşı da adekvat tədbirlər görülür. Gah diplomatik-siyasi bəyanatlarla, gah da müştərək hərbi güc nümayişi ilə.

İlham Əliyevin səfəri Ermənistanda hakimiyyət çevrilişinə cəhdlərin edildiyi zamana təsadüf edir. Ona görə də hadisələrin, onun gələcəyi ətrafında hər xırda məsələnin belə liderlərin müzakirə masasında olduğunu deyə bilərik. Əliyevlə Ərdoğan proseslərin hansı məcraya gedəcəyini, revanşizm olacağı təqdirdə buna hansı dövlətlərin dəstək verə biləcəyi ehtimallarını və bu zaman Azərbaycanla Türkiyənin hansı addımlar atacağını müzakirə edə bilərlər.

NƏTİCƏ:

Azərbaycan və Türkiyə liderləri bəzən yumşaq, bəzən də də sərt güc metodlarından yararlanaraq müttəfiqlik münasibətlərinə müstəsnalıq verən prinsiplərə sadiqlik nümayiş etdirirlər.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir