“Azərbaycan dövlət müstəqilliyini qazandığı ilk illərdə ortaq tarixə və eyni soy-kökə malik Azərbaycan-Türkiyə münasibətləri xalqların sevgisi, mədəni birliyi üzərində formalaşmışdısa, bu gün artıq bu münasibətlər ən möhkəm şəkildə, siyasi, iqtisadi, hərbi ittifaq səviyyəsindədir. Dahi Heydər Əliyevin “Bir millət, iki dövlət” deyərək qurduğu Azərbaycan-Türkiyə əlaqələri Prezident İlham Əliyevin fövqəladə siyasəti nəticəsində indiki arzulanan səviyyəyə gəlib çatıb”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq siyasi münasibətlərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin alternativi yoxdur:
“Ortaq tarixi dəyərlər üzərində qurulan Bakı-Ankara birliyi hazırda hər iki qardaş ölkənin liderlərinin uğurlu strategiyası nəticəsində elə səviyyəyə çatıb ki, dünyanın istənilən siyasi gücü regionla bağlı siyasətini məhz bu iki dövlətin maraqlarına uyğunlaşdırır. Ölkə başçısının son səfəri də heç şübhəsiz ki, iki qardaş dövlət arasında münasibətlərə öz töhfəsini verəcək. Hazırda dünyada gərgin hərbi-siyasi durum yaranıb. Belə bir vəziyyətdə regionun liderləri və əsas söz sahibləri olan prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş və müzakirələr iki dövlət üçün gələcəkdə atılacaq addımlar baxımından müstəsna əhəmiyyət daşıyır. Bundan başqa, dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimindəki çıxışları maraqla qarşılanıb.
Yeni aeroportun istifadəyə verilməsinin Türkiyənin uğurlu iqtisadi inkişafının təzahürü olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev qardaş ölkənin gündən-günə güclənməsində Prezident Rəcəb Tayyib Ərdoğanın yüksək xidmətlərinin olduğunu bildirib. Ölkəmizin başçısı haqlı olaraq qeyd edib ki, tikilən hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar Türkiyənin inkişafını, gücünü göstərən əsas amillərdir. Bütün bu layihələrin mərkəzində insan amili dayanır. Biz bu gün arzuladığımız qüdrətli bir Türkiyə görürük. Məhz bu gün həyatın bütün sahələrində inkişaf dövrünü yaşayan türk dövləti dünya miqyasında böyük güc mərkəzinə çevrilərək söz sahibi olub. Birliyimizin sarsılmaz olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, xalqımız İkinci Qarabağ müharibəsinin ilk günündən Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyini gördü. Azərbaycan heç vaxt bu qardaşlığı, bu dəstəyi unutmayacaq. Bu həm də o demək idi ki, biz tək deyilik, xalqımıza bu mənəvi dəstək böyük ruh verirdi”.
Deputat söyləyib ki, hazırda işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır:
“Həmişəki kimi, bu gün də Türkiyə yanımızdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın bərpası işində türk qardaşlarımız bizimlə bərabər çalışır. Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin Hava Limanı ərsəyə gətirən şirkət də Qarabağın bərpasında yaxından iştirak edir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hazırda hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib. “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirib.
Ermənistanın işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə qoşulan qardaş ölkə şirkətləri tərəfindən hazırda bu əbədi və əzəli ərazilərimizdə genişmiqyaslı layihələr reallaşdırılır. Yeri gəlmişkən, xatırladım ki, Prezident İlham Əliyev düşməndən təmizlənən torpaqlarda tikinti-quruculuq, yenidənqurma layihələrinin icrasına başlanmazdan əvvəl ayrı-ayrı çıxışlarında bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayırdı. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışaraq, dost ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladırdı. Bütün bunlardan sonra ötən müddətdə təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəmədi. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz nümunəsi idi”.
R.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir və bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun: “Bu birlik həm də yenilməzliyimizin təminatçısıdır”.