İkinci Qarabağ müharibəsindən sonra bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə iki ölkə arasında sülh sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirib.
Eyni zamanda postmüharibə dövründə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərindən dönməz olduğunu dünyaya bəyan etdirdi. Azərbaycanın sülh və ədalət prinsiplərini özünə ali məqsəd bilməsi baş tutan bütün görüşlərin əhəmiyyətini daha da artırdı.
Ölkə başçısı İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format yarandı. Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ildə keçirilən üçtrəfli görüşlər, habelə cari ilin 6 aprel tarixli Brüssel səfəri çərçivəsində sülh gündəliyinin əsasının qoyulmasından sonra 22 may 2022-ci il tarixində baş tutan növbəti üçtərəfli təmas artıq əvvəlki görüşlərdə əldə olunan razılaşmaların sürətli icrasına dair addımların dəqiqləşdirilməsi xarakteri daşıyır.
Böyük əmək sərf olunan və təqribən beş saat çəkən bu görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən səsləndirilən yekun bəyanatında Azərbaycanın maraqları demək olar ki, tam olaraq təmin olundu.
Belə ki, bəyanatda istər sülhün təmin edilməsi üçün danışıqların davam etdirilməsi, itkin düşmüş şəxslər və onların taleyinə aydınlıq, humanitar mina təmizləmə səylərinə dəstək, istərsə də iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi qərarı, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığın əldə olunması regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır.
Eyni zamanda müzakirələrdə, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, status məsələsinin ümumiyyətlə olmaması, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılması ölkə başçısının sülh və ədalətə əsaslanan humanist mövqeyinin bariz nümunəsidir.
Əslində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəfələrlə Azərbaycanın Avropa üçün önəmli bir tərəfdaş olduğunu qeyd etməsi Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında əsas faktor olduğunun göstəricisidir.
Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.
Ali Baş Komandanın danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi, ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinin imzalanmasına dair irəliləyiş əldə etməsi artıq Azərbaycanın regionda real güc sahibi olduğunu deməyə əsas verir.
Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı