Ekspert: “Rusiya Qarabağda Ermənistanın müdafiə xəttini gücləndirir”

Siyasət

Rusiyanın Ermənistanı silahlandırması ilk fakt deyil. Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Rusiya Ermənistana müxtəlif sahələrdə dəstək nümayiş etdirib.

Bu ilin iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəd rayonu – Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdləri uğursuzluqla nəticələndikdən sonra Rusiya dövriyyəyə girib.

Rusiya dəstəyini başqa ad altında ifadə edib. Tovuz döyüşlərindən sonra Rusiya ilə Ermənistanın birgə hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi təlimlərə başlaması da bunun əyani sübutudur.

Təlimlərə Tovuz döyüşlərindən sonra start verilməsinin üzərindən sükutla keçmək olmaz.

Nəzərə alaq ki, Tovuzdakı döyüşlərdə dronların xüsusi çəkisi var idi. Xatırladaq ki, Azərbaycan Ordusu dəfələrlə Ermənistan silahlı bölmələrinə məxsus pilotsuz aparatları məhv edib.

Rusiya-Ermənistanın birgə təlimlərində şərti düşmənin kəşfiyyat və zərbə dronlarına qarşı mübarizə metodları tətbiq olunub.

Ümumiyyətlə, məlum olub ki, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin daşınması intensiv xarakter alıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə avqustun 12-də baş tutan telefon danışığı zamanı bildirib.

Rusiya Qazaxıstan, İran və Türkmənistanın hava məkanından istifadə etməklə Ermənistana silah göndərib.

İlham Əliyev Rusiyanın Ermənistanı silahlandırmasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Vladimir Putinin diqqətinə çatdırıb.

Avqustun 16-sı isə sosial şəbəkələrdə və mətbuatda Rusiyanın Ermənistana növbəti partiya silah-sursat göndərməsi barədə məlumatlar yayılıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, ekspert Fərid Şəfiyev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistanı dəstəkləməsi ilk hal deyil.

“Rusiya Ermənistanla siyasi və hərbi müttəfiqdir, Rusiyanın Gümrüdə hərbi bazası var. Bunlar bizim üçün sirr deyil. Rusiya 1990-cı illərdə də Ermənistana silahlar ötürüb”, – deyə F.Şəfiyev bildirib.

Politoloq hesab edir ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Rusiya və Ermənistan özünün zəif nöqtələrini müəyyənləşdirməyə başlayıb.

Onun fikrincə, Rusiya Aprel müharibəsindən sonra danışıqlarda daha intensiv iştirak edəcəyi və müəyyən irəliləyişlərin olacağı barədə Azərbaycana vəd verib.

“Ancaq təəssüflər olsun ki, bu dörd il ərzində danışıqlar prosesində heç bir irəliləyiş əldə olunmadı. Rusiya ötən müddət ərzində Ermənistanı köklü şəkildə silahlandırmağa davam edib”.

“Beyin mərkəzi”nin sədri düşünür ki, Rusiya Ermənistana dəstəyi ilə Azərbaycanın işğal altında olan ərazilərində, Qarabağda Ermənistanın müdafiə xəttini gücləndirir.

“Tovuz döyüşlərindən sonra Rusiya və Ermənistanın birgə təlimləri, dronlara qarşı elektron müharibə metodlarının tətbiqi məhz Ermənistanın gücləndirilməsinə yönəlib”, – deyə F.Şəfiyev əlavə edib.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir