“Tarix burada başlayır” (History starts here). Tbilisinin mərkəzi Rustaveli prospekti 6 ünvanında yerləşən Milli Gənclər Sarayının şüarı belədir. Azərbaycanın müstəqilliyinin tarixi də məhz bu əzəmətli binada başlayıb.
Vaxtilə Qafqaz Canişininin sarayı və ya Vorontsov sarayının yerləşdiyi tarixi binada 104 il bundan öncə, mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycanın müstəqillikləri elan edilib. 1918-ci ilin mayın 28-də sarayın Güzgülü zalında Azərbaycanın İstiqlal Bəyannaməsinin oxunması ilə əzəmətli tikili iki qonşu ölkə ilə yanaşı, Azərbaycan üçün də böyük tarixi əhəmiyyət qazanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin – Şərqin ilk demokratik respublikasının ilk şahidi olan Milli Gənclər Sarayında 2020-ci ildən büdcəsi 33,7 milyon lari (11,8 milyon ABŞ dolları) təşkil edən əsaslı təmir-bərpa işləri aparılır. Layihənin 2023-2024-cü illərdə tam başa çatdırılması nəzərdə tutulub.
“Report”un yerli bürosunun əməkdaşları binaya baş çəkiblər, aparılan restavrasiya işlərinin hazırkı mərhələsi, Güzgülü zalda həyata keçirilən bərpa işləri ilə tanış olublar.
Öncə binanın tarixinə qısaca nəzər yetirək.
İki əsrlik bina
Bina 1868-ci ildə alman əsilli rus memar Otto Simonson tərəfindən intibah dövrünün palazzo tərzində 1802-ci ildə tikilmiş canişin sarayının yerində inşa olunub. Memar əvvəlki tikilinin bir hissəsini saxlayıb. Saray canişinin evi olmaqla yanaşı, həm də iş yeri idi. Burada danışıqlar, rəsmi görüşlər və mərasimlər, ballar keçirilərdi, naharlar verilərdi. Sarayın planlaşdırılması və interyerin müxtəlifliyi məhz bu mərasimlər üçün nəzərdə tutulmuşdu. Binanın həyətində unikal ağac, kol və çiçəklərin olduğu böyük bağ da olub. 1917-ci ildən sarayda Zaqafqaziya Federasiyasının hökuməti yerləşirdi. 1920-ci illərdə binada xaosun hökm sürdüyü, mebel və digər əşyaların məhv edildiyi və oğurlandığına dair məlumatlar var. 1937-ci ilədək tikilidə sovet Gürcüstanının hökuməti, 1941-ci ildən isə Pionerlər Sarayı yerləşib.
2018-ci ildə saraya muzey statusu verilib. Hazırda Milli Gənclər sarayında 6 yaşdan 26 yaşadək uşaq, yeniyetmə və gənclər üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Binanın bağı hazırda Gürcüstanın Birinci Respublikasının bağı adlanır. Yenidənqurma işləri istirahət məkanında da aparılır.
Restavrasiya işlərini Tbilisi İnkişaf Fondu həyata keçirir. Fondun layihə meneceri Revaz Tsibiraşvili “Report”a müsahibəsində bildirib ki, bina çox əzəmətli və dekorativ elementlərinə görə çox mürəkkəbdir.
Onun sözlərinə görə, bərpa işlərinin ilk mərhələsi başa çatdırılıb: “Fasadın tam restavrasiyası üzrə işlər yekunlaşdırılıb, dam örtüyü tamamilə yenilənib. Fasadın dekorativ hissəsi, səkilər də bərpa edilib”.
“Güzgülü zal ən önəmli zallardan biridir”
Layihə meneceri hazırda layihənin ikinci mərhələsi üzrə işlərin aparıldığını deyib: “Tikilinin interyerində, Güzgülü, Mərmərli, Ağ, Akt zallarında işlər aparılır. Tam gücü ilə davam etdirilən işlər qrafik üzrə gedir. Bərpa işlərində hər bir məqama – qədim təsvirlər, bəzəkli elementlərə, rəsmlərin ilkin halda konservasiyasına diqqət yetirilir”.
Güzgülü zalda aparılan işlərə gəlincə, R.Tsibiraşvili bildirib ki, burada aparılan işlər incə yanaşma tələb edir: “Bu zal tarixi əhəmiyyətinə görə ən önəmli zallardan biridir. Güzgülərin tam bərpası həyata keçirilir, zədələnməmiş naxışlar olduğu kimi saxlanılacaq, çatışmayan hissələr isə bərpa ediləcək”.
Bina ilk dəfədir əsaslı bərpa olunur
Sarayın direktoru Tinatin Ruxadze “Report”a müsahibəsində binanın Tbilisinin ən əhəmiyyətli tikililərindən biri olduğunu deyib. Onun sözlərinə görə, bina həm region, həm də Azərbaycan üçün mühüm tarixi əhəmiyyət daşıyır.
O, tikilidə indiyədək geniş miqyaslı reabilitasiya işlərinin aparılmadığını bildirib: “Mədəni və milli əhəmiyyətli abidənin bərpası çox vacib önəm kəsb edir. Bu baxımdan bərpa layihəsi xüsusi diqqətlə hazırlanıb, belə ki, bu cür memarlıq abidəsinin reabilitasiyasını aparmaq çətindir”.
Müsahibimiz Milli Gənclər Sarayının tikilidə 81 ildir fəaliyyət göstərdiyini qeyd edib: “Aparılan təmir-bərpa işlərinə baxmayaraq, təxminən üç minə yaxın yeniyetmə və gənc müxtəlif dərnəklərdə təhsillərini davam etdirirlər. İşlərin başa çatdırılmasından sonra saray gənclər üçün qeyri-formal təhsil üçün ən vacib mərkəzə çevriləcək. Qəbul edəcəyimiz şagirdlərin 10 min nəfərə çatacağını gözləyirik. Sarayımızda teatr, kino və digər istiqamətlər üzrə, müxtəlif qəbullar üçün unikal zallar olacaq. Təhsil ocağı çoxfunksional olacaq, burada həm də texnologiyalar, media məktəbləri, astronomiya, planetarium mərkəzləri fəaliyyət göstərəcək, müxtəlif festivallar təşkil ediləcək”.
Tarixi yaddaşı qoruyan tikilinin ömrü uzanacaq
İntensiv təmir-bərpa işləri aparıldığından binanın daxilində çəkilişin aparılmasına təhlükəsizlik baxımından icazə verilmir. Bildirilib ki, Güzgülü zalın girişində Azərbaycanın müstəqilliyinin məhz bu məkanda elan edilməsi barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhənin təmir-bərpa işləri zamanı zədələnməməsi üçün üzərinə örtük çəkilib.
200-dən çox yaşı olan binanın ömrü əsaslı restavrasiyadan sonra uzanacaq. Azərbaycanın da tarixi yaddaşını qoruyub saxlayan unikal tikili hələ uzun illər gələcək nəsillərə xidmət etməklə yanaşı, Gürcüstanın gələcək tarixinin də şahidi olacaq.