Ermənistanın atacağı addımlar regionda yaranmış yeni reallıqlara adekvat olmalıdır – ŞƏRH

Siyasət

İkinci Qarabağ müharibəsindən sonra qalib və məğlub ölkələrin rəhbərləri üçüncü dəfə Belçikada bir araya gəldilər. Düzdür, buna qədər də üçtərəfli görüşlər bir neçə dəfə baş tutsa da, Brüsseldəki son görüşdə sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə komissiyaların tezliklə işə başlaması, postmüharibə dövrünün reallıqları, nəqliyyat-kommunikasiya məsələlərinin həlli, bu sırada Zəngəzur dəhlizinin işə düşməsi və digər vacib məsələlər daha ətraflı müzakirə edildi.

Görüşdə əldə olunan anlaşmalarla bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasından aydın oldu ki, masa üzərində rəsmi Bakının təklif etdiyi məlum beş prinsipi özündə ehtiva edən bir gündəlik var və danışıqlar da müstəsna olaraq həmin gündəlik əsasında qabağa aparılacaq ki, bu da Azərbaycanın milli maraqlarına tam uyğundur.

Bundan əvvəl keçirilən görüşlərdə olduğu kimi, Brüssel görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bir daha ortaya qoydu. Şarl Mişel açıqlamasında Qarabağdakı etnik erməni əhalisindən danışsa da, “Dağlıq Qarabağ”, “artsax xalqı”, “öz müqəddəratını təyin etmə” kimi ifadələri işlətmədi. Onun görüşlə bağlı yekun açıqlamasında Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini deməsi Azərbaycana – rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir – mesajıdır.

Qarabağ ərazisində erməni vətəndaşlar eyni hüquq və azadlıqlara malik olacaq, Azərbaycan dövlətində təhlükəsizlik içində yaşayacaqlar. Onlar üçün heç bir xüsusi statusdan söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ermənilərə status verilməyəcəyini açıq-aydın bəyan edib.


Azərbaycan dövlətinin başçısının mövqeyi tamamilə açıq və aydındır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər-hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycan onu güc yolu və siyasi vasitələrlə həll edib. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirib və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır.

Postmüharibə vəziyyətinin gedişatından göründüyü kimi, əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul ediblər və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Artıq “Dağlıq Qarabağ problemi” ifadəsi leksikondan çıxıb, “status-kvo” kimi anlayışlara ehtiyac qalmayıb. Çünki Azərbaycanın şanlı Zəfəri bu problemə birdəfəlik son qoyub. Yeni reallıqlardan çıxış edən rəsmi Bakının mövqeyi gələcəyə baxmaq, regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyi təmin etməkdir.
Artıq Dağlıq Qarabağdakı muxtariyyət beynəlxalq hüququn tələblərinə cavab verməyən, zorakılıq yolu ilə yaradılmış qeyri-qanuni inzibati vahid kimi tarixin arxivinə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi Qarabağ İqtisadi Rayonu Azərbaycanın tərkibində Qarabağın ən real statusunu müəyyən edir. Regionun erməni əhalisi də Azərbaycanın digər bölgələrində yaşayan başqa azsaylı xalqlarla bərabər hüquqlar əldə edərək onlar üçün yaradılmış multikultural mühitdə yaşayıb-yaratmaq imkanları qazana biləcək. Artıq Azərbaycanda Böyük Qayıdışın epopeyası yaşanır.

Uzun müddət sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanmasını əsassız yerə yubadan Ermənistan isə nəhayət ki, sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaradaraq bu istiqamətdə fəaliyyətə başlayıb. Brüsseldə Azərbaycan-Ermənistan liderlərinin sonuncu görüşündən iki gün sonra sərhədin delimitasiyası ilə bağlı yaradılan komissiyalar bir araya gələrək müzakirələr aparıblar.

Ermənistanda isə revanşistlərin etiraz aksiyaları komissiyaların birgə görüşündən sonra da davam etməkdədir, yenə də absurd “türklərə Ermənistanda yer yoxdur” kimi şüarlarla… Bütün platformalarda Qarabağ ermənilərinə Azərbaycan dövlətinin yurisdiksiyasından kənarda status verilməsi haqqında tələb irəli sürür, erməni toplumunu “satqın Paşinyan”a qarşı birləşməyə çağırırlar.


Göründüyü kimi, Ermənistandakı radikal kəsim budəfəki Brüssel anlaşmasının da kağız üzərində qalması üçün var gücləri ilə hərəkətə keçib. İşğalçı ölkə bu qədər itkilərə rəğmən, yenə də məkrli niyyətindən, “status-kvo”nu saxlamaq istəyindən əl çəkmir. Əlbəttə ki, belə siyasi oyunbazlıqlar keçməyəcək. Çünki Bakı belə oyunlara sonsuzadək dözüm göstərmək niyyətində deyil.

Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, həqiqi qonşu olmaq və ərazi iddialarından çəkinməyə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Şərtləri Azərbaycan diktə edir və bundan sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur, imzalanan kapitulyasiya aktı və digər müvafiq sənədləri son bəndinə qədər icra etməyə borcludur.

Ermənistan rəhbərliyi sərhədlərin müəyyən edilməsi prosesinin gedişinə bundan sonra da hər vəchlə mane olmaq, prosesi ləngitmək istəsə, unutmamalıdır ki, bu Azərbaycan tərəfinin səbrinin tükənməsinə, Azərbaycan Ordusunun öz gücünü yenidən nümayiş etdirməsinə gətirib çıxara bilər!

“Report” İnformasiya Agentliyi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir