Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Trud” qəzetinə verdiyi müsahibədə Ermənistanın Azərbaycan boru kəmərlərindən 15 kilometr məsafədəki keçid məntəqəsini yenidən bərpa etmək qərarının iyul ayında eskalasiyaya təkan verməsi barədə sözləri Ermənistanda gözlənilən qəzəbə səbəb olub.
Erməni fəal Erna Aslanyanın yazdığı kimi: “Kreml Ermənistanı münaqişəni başlamaqda və alovlandırmaqda ittiham etdi. Rusiyanın fikrincə, Ermənistan Azərbaycanın “artan narahatlığına” “əsassız cavab verdi”. Yeni aqressiya olarsa, Rusiyadan real kömək gözləyən kimsə varmı?”
Lakin bir daha aydın oldu ki, erməni tərəfinin sərhəddə vəziyyətin alovlanmasında Azərbaycanı günahlandırması ilə bağlı versiyası tamamilə əsassızdır.
Tanınmış rus ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov Media.Az-a müsahibəsində Rusiya Xarici İşlər (XİN) naziri Sergey Lavrovun açıqlamasına münasibət bildirib.
– Rusiya XİN başçısı Sergey Lavrovun açıqlamalarından sonra yenidən suallar yarandı. Sərhəddəki vəziyyəti gərginləşdirən İrəvan hansı məqsədləri güdürdü?
– Bu məsələ ilə məşğul olan əksər mütəxəssislər Nikol Paşinyanın bu böhranı niyə təhrik etməsi ilə bağlı suallara cavab tapa bilmirlər. Bir neçə versiya var.
Birinci. Nikol Paşinyan daxili siyasi böhrandan çıxmağa və vətənpərvər yönümlü cəmiyyəti öz tərəfinə çəkməyə çalışdı. Bununla da reytinqini artıra bilər.
İkinci. Bu təxribat, əvvəlki hökumət nümayəndələri – Robert Koçaryan və Serj Sarqısyan da daxil olmaqla, daxili düşmənlərə qarşı repressiyalardan diqqəti kənarlaşdırmağa yönəldilib.
Üçüncü. Bu, “Kazan formulu”nun həyata keçirilməsinə nail olmaq məqsədi ilə qurulmuş hiyləgər plan idi, hansı ki, İrəvanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayon Bakıya qayıtmalı idi. Paşinyan bu planı yerinə yetirmək istəyir, çünki bunun qarşılığında Azərbaycan və Türkiyənin iqtisadi blokadasının qaldırılmasına nail olacaq.
Lakin Ermənistanın baş naziri radikallardan qorxaraq bunu etməkdən çəkinir və buna görə də bu məsuliyyəti beynəlxalq ictimaiyyətlə bölüşməyə çalışa bilər. Bir böhrana təhriklə , ATƏT-in Minsk Qrupunun həmsədrlərini cəlb edərək “Kazan formula”na beynəlxalq vasitəçilərin təzyiqi altında razılaşmağa nail olmaq olar.
Bütün bu versiyalar təxribat üçün yerin məhz Azərbaycanla Ermənistanın sərhəddində seçilməsini də izah edir. Əgər Qarabağdakı təmas xəttində hansısa təxribat olsaydı, o zaman Azərbaycan həlledici hücuma keçəcək, çünki KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müqaviləsi bu (işğal olunmuş – red.) ərazini qorumur .
– İstər rəsmi İrəvan, istərsə də separatçı rejimin nümayəndələri daim Azərbaycan ərazisinə zərbə endirməklə hədələyirlər…
– Ermənistan rəhbərliyi sadəcə seçicilərin gözü qarşısında daha güclü görünmək istəyir. Bu, həm də Nikol Paşinyana hörmət etməyən ordu üçün bir mesajdır. Ermənistanın baş naziri həmçinin Rusiya, Türkiyə, Azərbaycanın gözündə güclü görünmək istəyir…
– Ancaq eyni zamanda, Ermənistan işğal olunmuş Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanımağa cəsarət etmir, baxmayaraq ki, özünü elan etmiş rejimin “təhlükəsizlik qarantı” olduğunu bəyan edir…
– İrəvan (“DQR”-ı tanımayaraq – red.) Dağlıq Qarabağın bir növ müstəqilliyini göstərməyə çalışır. Halbuki, bu ərazinin Ermənistan tərəfindən işğalı çox aydındır. Erməni çağırışçılarının orada hərbi xidmət etməsi bunun təsdiqi üçün kifayətdir.