Günlərdir mediada, sosial şəbəkədə müzakirə mövzusu olan məlum toy mərasimi barədə məlumat vermişdik. Söhbət avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən gedir. Aydındır ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən karantin qaydalarına görə, respublika ərazisində toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub.
Lakin düşünməyin ki, karantin qaydalarını pozan şəxslər cəzasız qaldı. Abşeron Rayon Məhkəməsi toyun təşkilatçıları – Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs qərarı verdi.
Məsələnin maraqlı tərəfi tanınmış şəxslərin, millət vəkillərinin, sabiq deputatların toy mərasimində iştirak etməsi və bu məsələyə “özlərinə xas” şəkildə haqq qazandırmaqlarıdır. Onlardan biri də Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, sabiq millət vəkili Abel Məhərrəmovdur. Həmin Abel Məhərrəmov ki, toyda bir qədəh badə ilə Ramiz Mehdiyevə necə lazımdır “tost” dedi. Buna qayıdacayıq.
Bu o, Abel Məhərrəmovdu ki, 1999-cu ildən Azərbaycanın ən böyük və qədim ali təhsil ocağı olan BDU-ya rəhbərlik edirdi və orada “işləyirdi”. “İşləyirdi” sözünü əbəs yerə dırnaq arasında yazmırıq. Çünki, rektorun işdən çıxarılması ilə bağlı sensasion məlumatlar onun “iş” prosesinə də aydınlıq gətirdi. Onun rəhbərliyi illərində Universitetdə rüşvət faktlarının baş verdiyi heç kimə sirr deyildi.
Çox yox, düz 2 il bundan öncə 2018-ci ilin noyab ayının 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərində dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün yola düşəcəkdi. Həmin ərəfədə yaşanan qalmaqal yadınıza gəlir?
Unudanlar varsa, xatırladaq. Madridə yola düşəcək Abel Məhərrəmov və Azərbaycanın nümayəndə heyətinin də yer aldığı Airbus-A319 təyyarəsi 2 saat havaya qalxa bilməyib. Səbəb isə A.Məhərrəmovun 2 tonluq baqajı olub. Təbii ki, 2 ton pal-paltar götürməyib özü ilə, söhbət heç yük çamadanlarından da getmir. Baqaj nə olsa bəyənərsiz? “Hörmətli” akademikimiz və onun İspaniyadakı səfir oğlu Anar Məhərrəmova məxsus şərab biznesinə aid çəlləklər… Bu azmış kimi, 10 noyabr 2018-ci ildə Madriddən qayıdan nümayəndə heyətimiz yenə də Abel Məhərrəmovun şərab çəlləklərinin bəlasına düşüb və 2 ton yükün təyyarəyə yüklənməsini gözləməli olub.
Çəlləklər cəhənnəm, onun içərisindəkini içib səfər çərçivəsində yaşadığı və yaşatdığı “macəralar”ı saymaqla bitmir. Dini tolerantlıq mövzusunda keçiriləcək tədbirdən Bakıya konkret restoranlara şərab gətirmək cəhdi bir tərəfə, nümayəndə heyətimizin qaldığı holteldə spirtli içkinin təsiri altına düşən Abel Məhərrəmovun hoqqaları nəinki Azərbaycan, hətta İspaniya mətbuatının gündəmini zəbt etdi.
A.Məhərrəmovun içkili halda millət vəkillərindən biri ilə yaşadığı mübahisə o səviyyəyə çatıb ki, söhbətə İspan polisi müdaxilə etmək məcburiyyətində olub. Abel müəllimin əldə bir qədəh şərabla Madriddə konfransda iştirak edən şəxslərə tutduğu “toy” ona baha başa gəldi.
Belə ki, ölkə başçısının ona olan etimadından sui-istifadə edən, güvəni doğrultmayan Abel Məhərrəmov bu hərəkətlərinə görə, layiqli cavabını da aldı. 2018-ci ildə 15 noyabr tarixində ölkə başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilib.
Lakin Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak edən və yenə əldə bir qədəh şərabla yadda qalan Abel Məhərrəmov başına gələn hadisələrdən heç bir nəticə çıxarmayıb.
Belə ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində çəkilən görüntülər əvvəlcə sosial şəbəkələrdə, daha sonra kütləvi informasiya vasitələrində sürətlə yayıldı. Həmin görüntülərdən birində sabiq rektoru Abel Məhərrəmovun Ramiz Mehdiyevin şərəfinə səsləndirdiyi fikirlər eşidilir.
Abel Məhərəmov özünü “xırda adam” adlandırıb. Nəyi də bilməsə, öz yerini yaxşı tanıyır. Əlqərəz, Abel müəllim aldı sazı, görək nə dedi:
“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində faktiki addımlara siz rəhbərlik etmisiniz”.
Beləcə Abel Məhərrəmov “macəraları” bitib tükənmək bilmir. Bütün bunlardan sonra Abel Məhərrəmovun son hadisələrə verdiyi açıqlama isə onun taleyini necə həll edəcək, bir Allah bilir… Yəqin ki, dövlətimizin saymadığı qayda-qanunlarına görə, elə bu dövlətin qanunvericiliyin müvafiq normaları çərçivəsində tezliklə də cavab verər.
Əli Məmmədov