Oqtay Əsədov da danışdı

İqtisadiyyat Siyasət

Milli Məclisin deputatı Oqtay Əsədov Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin ölkədə apardığı siyasətin ölkə vətəndaşları tərəfindən dəstəklənməsindən danışıb.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, qayğıları ilə maraqlanması, problemlərin yerindəcə həll edilməsi xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlətimizin başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir!”, – deyə Oqtay Əsədov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu barədə sualı cavablandırarkən vurğulayıb.

Milli Məclisin sabiq spikeri bildirib ki, Prezident daim xalqın problemlərinə həssas yanaşır, Azərbaycan vətəndaşlarına həmişə diqqət və qayğı göstərir:

“Bunu, demək olar ki, indiyədək keçirilən bütün görüşlərdə də müşahidə etmişik. Cənab Prezident məmurlardan da birinci növbədə xalqın qayğısına qalmalarını tələb edir. Elə dövlətimizin başçısının avqustun 24-də Biləsuvar və Saatlı rayon İcra hakimiyyətlərinə başçı vəzifələrinə təyinat ilə əlaqədar videoformat qəbulunda da bu fikir öndə olub: “Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz””.

Deputat  ölkə başçısından sitatlar gətirib:

“Cənab Prezidentin dediyi kimi, bəzi hallarda bir sıra xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. İlham Əliyevin vurğuladığı kimi, onlar “özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar”.

Dövlət başçısı dəfələrlə deyib ki, bütün dövlət məmurları xalqın xidmətçisidir. Azərbaycan Prezidenti hər görüşündə heç kəsin xüsusi imtiyazının olmadığını bildirir. Amma bəzən qanunlar elə məmurlar tərəfindən pozulur. Yeni təyin edilmiş icra başçılarını videoformatda qəbul edən cənab Prezident haqlı olaraq söylədi ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır: “İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq” deyən dövlətimizin başçısı bütün məmurları məişətdə də, işdə də nümunə olmağa, özlərini təvazökar aparmağa çağırıb. Cənab Prezidentin vurğuladığı kimi, “bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır””.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir