Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ölkəmizə səfər etdiyinə və IX Qlobal Bakı Forumunda iştirakına görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkürünü bildirib, onunla əvvəlki görüşlərini xatırlayıb. Dövlətimizin başçısı həmin görüşlərdə ikitərəfli və regional məsələlərə dair geniş fikir mübadilələrinin aparıldığını qeyd edib.
Prezident İlham Əliyev torpaqlarımızın işğalı zamanı və İkinci Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycan Prezidenti COVID-19 pandemiyasından sonra formalaşmış şəraitdə əlaqələrin inkişafı üçün daha yaxşı imkanların yarandığını qeyd edib.
Dövlətimizin başçısı Bosniya və Herseqovinanın nümayəndələrinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakını xatırlayıb və enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirib, forumun artıq dünyada nüfuzlu tədbirlərdən birinə çevrildiyini qeyd edib. Dövlətimizin başçısının nitqini diqqətlə izlədiyini deyən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevin vacib məqamlara toxunduğunu vurğulayıb. Bildirib ki, ədalət və beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Azərbaycan ilə Bosniya və Herseqovinanı qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulan Şefik Caferoviç münasibətlərimizin xalqlarımızın iradəsindən irəli gələrək inkişaf etdiyini məmnunluqla bildirib. Pandemiya dövründə Azərbaycanın Bosniya və Herseqovinaya yardımına görə minnətdarlığını ifadə edib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycanın və ölkəsinin mina təhlükəsi ilə üzləşdiyini qeyd etdi və bu sahədə də əməkdaşlığın vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə geniş yenidənqurma və quruculuq işləri həyata keçirdiyini qeyd edib. Azərbaycanın mina problemi ilə üzləşdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci il noyabrın 10-dan etibarən 220-dən çox vətəndaşımızın mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi-ticari əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılması və bu ölkənin Bakıda səfirliyinin fəaliyyətə başlayacağı məmnunluqla qeyd edilib, bunun da əlaqələrimizin inkişafına əlavə təkan verəcəyi vurğulanıb.
13:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.