Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirdi.
İbrahim Rəisi Simonyanla görüşündə belə bir ifadə işlətdi:
“İran Hind okeanı və Fars körfəzi, Qara dənizdən Avropaya qədər uzanan regionda yerləşən bölgə xalqları arasında yaxınlaşmanın gücləndirilməsini, sülh və rifahın təməllərini formalaşdıran yüksək geopolitik potensiala malikdir”.
Cənab Rəisi burada Fars körfəzi-Qara dəniz nəqliyyat koridoru mövzusuna işarə edir və bu dəhlizlə özünün proseslərdəki rolunu artırmağa çalışan təşəbbüsləri ortaya qoyur.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni spikerlə görüşündə isə həmin məsələni daha aydın ifadə edib.
İran Azərbaycan və Türkiyənin başlatdığı Zəngəzur dəhlizinin texniki-iqtisadi tərəflərinə qarşı dirəniş göstərməyib, onun həzm etmədiyi – bu dəhlizin sərhəd dəyişikliyi kontekstində reallaşma imkanlarıdır.
Buna görə də İran bir ara Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsini Ermənistanla əl-ələ verərək ayaqda saxlamağa çalışdı, ancaq bunun üçün lazım olan təminatı toplaya bilmədi.
Hind okeanı və Şərqi Asiyanı Avropa ilə birləşdirmək üçün İranın təqdim etdiyi bu layihənin ilkin marşrutu belə seçilmişdi: Tehran Fars körfəzindən Ermənistan və Gürcüstana, oradan isə Bolqarıstana və Yunanıstana uzanan nəqliyyat dəhlizi yaratmaq istəyirdi.
Ancaq zaman keçdikcə Azərbaycanın regionda sürətlə böyüyən gücü İranın planlarını dəyişdirməyə vadar etdi və indi İslam Respublikasının həmin dəhliz ideyası Zəngəzur dəhlizinə inteqrasiya oluna bilər.
Bunun nişanələrini nədə görə bilərik? Bir neçə məqam:
1. 2021-ci ilin dekabrında İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun işə salınacağı bildirildi. Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək;
2. 2022-ci ilin martında Azərbaycanla İran arasında Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən nəqliyyat xəttinin çəkilməsi üçün razılıq əldə edildi;
3. Zəngəzur dəhlizinə beynəlxalq marağın artması və Çinin də burada maraqlarının olması həmin layihəni daha cəlbedici edir, orta dəhliz imkanlarını artırır və onu böyük investisiyalara hazır vəziyyətə gətirir.
İranın layihəni öz istədiyi kimi alındıra bilməməsinin səbəblərini də izah etməyə çalışaq.
Nəzərə almaq lazımdır ki, İranın layihəsinin ilkin nüsxəsində yer alan Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan bu marşrut üçün pul xərcləməkdə xəsislik edəcəkdilər. Sanksiyaların tətbiq edildiyi İran isə digər ölkələrin də yerinə vəsait ayırmaq gücündə deyildi.
Yəni layihənin təşəbbüskarının geosiyasi vəziyyəti, maliyyə problemləri həmin nəqliyyat dəhlizinin gerçəkləşməsinə imkan vermədi.
İran Türkiyəni də prosesə cəlb etmək istəyirdi, lakin iki ölkə arasındakı rəqabət və maraq toqquşmaları Ankara-Tehran müştərək marağını yarada bilmədi.
İslam Respublikası özünün dəhlizə klassik yanaşmasının perspektivsiz və risklərlə zəngin olduğunu dərk edə-edə nisbətən yumşaldı.
Rəisinin Simonyana həmin dəhlizi xatırlatması, düşünürük ki, Zəngəzur dəhlizinə inteqrasiya kontekstində dəyərləndirilməlidir.
Çünki klassik yanaşma ilə İran özünün arzuları ilə nəticələr doğrultmadı, hərçənd ki, bundan sonra da Tehran Zəngəzur dəhlizinə rəqib kimi Fars körfəzi-Qara dəniz xəttini tezis kimi ortalığa atacaq.
Rəisi açıqlaması ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında İranın iştirak payına da toxunur, düzü, İranın sülhyaratma təşəbbüsündə effektiv iştirakını gözləməyə dəyməz.
İran yalnız Zəngəzur dəhlizi məntiqində iqtisadi fəallığını artırmaqla özünə fayda götürə bilər.
PROQNOZLAR:
1. İranla Ermənistan Azərbaycana qarşı kollektiv maraq yarada bilməyəcəklər;
2. Fars körfəzi-Qara dəniz layihəsi Zəngəzur dəhlizinin məntiqində əriyib gedəcək. Amma İran həmin layihənin aktuallığından imtina etməyəcək;
3. Azərbaycanla İran iqtisadi prioritetlərini təkmilləşdirəcəklər.
Aqşin Kərimov