Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı artırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 %-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı isə 3500 manat olacaq.
Qüvvədə olan qanuna görə Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.