Azərbaycan-Özbəkistan münasibətləri: Yaxşı keçmiş və perspektivli gələcək – ŞƏRH + FOTO

Siyasət

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Özbəkistanın ozamankı prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə baş tutub. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

Azərbaycan Prezidentinin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfərini isə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb.

Azərbaycan-Özbəkistan cari münasibətlərinin strateji istiqamətləri məhz sözügedən səfərlər zamanı müəyyən edilib.

2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olublar. 1930-cu illərdəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər.

Hazırda 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Özbəkistan azərbaycanlıları, bu ölkənin ictimai həyatında fəal rol oynamışlar arasında görkəmli jurnalist, ictimai xadim Seyid Rza Əlizadə (1887-1945), şair Məqsud Şeyxzadə (1908-1967), rejissor Firudin Səfərov (1933), rəssam və heykəltaraş Eynulla Əliyev və digərləri var.

Azərbaycan və Özbəkistanı birləşdirən bir digər məqam isə SSRİ, xüsusilə bədnam şöhrət qazanmış Mixail Qorbaçovun hakimiyyəti dövründə onların müxtəlif sahələrdə ayrı-seçkiliklə qarşılaşmaları olub. Özbəkistanda törədilən Fərqanə hadisələri, həmçinin Azərbaycanda 20 Yanvar qırğını və Sumqayıt hadisələri Kremlin bu iki xalqa qarşı eyni dəst-xətt üzrə apardığı siyasətinin nümunəsidir.

Maraqlıdır ki, ümumiyyətlə, hər iki ölkədəki qırğınlarda ermənilərin rolu olub. 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə Daşnaksütyun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Ermənilər bu qırğınların törədilməsində xüsusi fəallıq göstəriblər. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Vurğulamaq lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlərə başlanılıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayıb. Səfər zamanı 19 sənədin imzalanması nəzərdə tutulur. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı keçiriləcək görüşlərdə dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə olunmasını müzakirə edəcəklər.

Bundan başqa, prezidentlər beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı imzalanacaq mühüm sənədlər sırasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i də var.

“Report” İnformasiya Agentliyi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir