Prezidentin xüsusi nümayəndəsi: “Qarabağa qayıdış mərhələlərlə, hissə-hissə təşkil olunacaq” – MÜSAHİBƏ + FOTO

Siyasət

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyətiniz necə təşkil olunub?

– Prezident İlham Əliyev ilk olaraq 24 may 2021-ci ildə məni Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xüsusi nümayəndə kimi təyin etdi. Müstəqillik Günündə – mayın 28-də Prezident Ağdama səfər etdi və azad olunmuş ərazilər içərisində ilk olaraq Ağdamın Baş Planı ictimaiyyətə təqdim olundu. O vaxtdan etibarən Ağdamda quruculuq, bərpa işlərinə start verildi. Əslində, bir çox işlər o vaxta qədər başlamışdı. Sadəcə, o vaxtdan daha genişmiqyaslı işlərə başladıq. Xüsusi nümayəndəlik institutu yeni bir institutdur və ilkin dövrlərdə formalaşma prosesi başladı. Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəlik təsis olunduqdan sonra həm Tərtər rayonunun, həm də Ağdam, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmuş ərazilərində bizim nümayəndəliyimiz fəaliyyətə başladı. Əsas məqsədimiz burada gedən bütün bərpa və quruculuq işlərinin əlaqələndirilməsidir. Yəni müxtəlif mərkəzi və yerli icra orqanları tərəfindən həyata keçirilən işlərin bir-biri ilə əlaqələndirilməsi, yerlərdə gedən işlərlə mərkəzdə gedən işlər arasında bir körpü funksiyasının yerinə yetirilməsi və o işlərin də əlaqələndirilməsi, həmçinin ərazidə hazırda mövcud olan dövlət əmlakının qorunması, mühafizəsi ilə bağlı müvafiq orqanlar qarşısında lazımi məsələlərin qaldırılmasıdır. Biz də çalışırıq ki, gecə-gündüz yorulmadan bu vəzifələrin öhdəsindən gələk. İş həddindən artıq çoxdur və bunların hamısını həyata keçirmək üçün böyük səy tələb olunur.

“Məqsədimiz keşməkeşli həyat yaşamış keçmiş köçkün soydaşlarımızın tez bir zamanda öz doğma dədə-baba torpaqlarına qayıtmasını təmin etməkdir”

İşin keyfiyyətini nəticələrlə göstərməliyik. Ağdamda artıq xeyli layihələr həyata keçirilməkdədir. Bu işlər daha da genişlənəcək və yaxın zamanlarda bunların hamısının ümumi nəticəsini görəcəyik. Məqsədimiz keşməkeşli həyat yaşamış keçmiş köçkün soydaşlarımızın tez bir zamanda öz doğma dədə-baba torpaqlarına qayıtmasını təmin etməkdir. Yaxın və orta müddətli dövr ərzində bunu edə bilsək, bunu çox böyük bir uğur hesab etmək olar.

– İşğaldan azad edilmiş ərazilərin hamısının baş planları nə vaxt tamamlanacaq?

– Ərazi çox böyükdür və Qarabağın bərpası dünyada analoqu olmayan meqalayihədir. Sahəsi haradasa Livan qədər olan azad edilmiş ərazilərdən söhbət gedir. Sözsüz ki, işlərin hamısı ümumi olaraq əlaqələndirilir. Amma haradasa işlərin tempi bir-birindən fərqlənir və bu, təbiidir. Ağdamda Baş plan bütün rayonların baş planından daha tez hazırlandığı üçün işlərə daha tez başlanılıb. Amma bu o demək deyil ki, digərlərində işlər geridədir. Hər bir rayonun spesifikasından və orada hökumətin prioritetlərindən asılı olaraq müəyyən xronologiya, iş qrafiki müəyyən olunub və işlər ona uyğun həyata keçirilir.

Ümumiyyətlə, azad olunmuş ərazilərin ümumi planı hazırlanıb və onun əsasında ikinci mərhələdə Ağdam və Füzuli rayonlarının, o cümlədən Cəbrayıl və Şuşa şəhərlərinin baş planları hazırlanıb. Amma şəhərsalma praktikasında ümumi plan, Baş plan və ondan sonra müfəssəl plan hazırlanmalıdır.

“Həm Xocavənd, həm Suqovuşan və Talış kəndləri ilə bağlı baş planlar yekunlaşma ərəfəsindədir”

– Azad edilmiş ərazilərin müfəssəl planlarının hazırlanması ilə bağlı hansı işlər görülür?

– Müfəssəl plan bəzi yerlərdə şəhərsalma əsaslandırmasıdır, bəzi yerlərdə isə konkret müfəssəl planlar hazırlanır. Məsələn, Şuşa şəhərində bu işlər məhəllə-məhəllə gedir. Hər məhəllənin öz şəhərsalma əsaslandırması və müfəssəl planı hazırlanır. Ağdamda isə kifayət qədər böyük ərazi olduğu üçün buna bir az vaxt tələb olunur. Müfəssəl planlar hazırlanmalıdır ki, tam həcmli, genişmiqyaslı işlərə başlanılsın. Ancaq müfəssəl planları gözləmədən bəlli yerlərdə müəyyən sosial, ictimai, iqtisadi infrastruktur yaradılmağa başlanıb. Yəni layihələndirmənin bitməsini gözləmədən paralel olaraq bir çox işlərə başlamaq mümkündür və biz bunlara artıq başlamışıq.

Həm Xocavənd, həm Suqovuşan və Talış kəndləri ilə bağlı baş planlar yekunlaşma ərəfəsindədir.

“Ən çox minatəmizləmə işi görülmüş ərazi Ağdam rayonudur”

– Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi necə gedir?

– Hazırda ən böyük təhlükə mina təhlükəsidir. Mina təhlükəsi müəyyən qədər aradan qaldırılmayınca böyük işlər görmək mümkün deyil. Keçmiş təmas xətti 200 km uzunluğunda və beş km enində ərazini əhatə edib. Bu ərazi həm piyada əleyhinə, həm tank əleyhinə minalarla, həm də partlamamış sursatlarla həddindən artıq çirklənmiş vəziyyətdədir. Ərazidə Birinci Qarabağ müharibəsindən qalmış çoxlu metal və sursat qırıntıları da var ki, bu da minaların təmizlənməsində itlərdən istifadəni məhdudlaşdırır. Həmçinin keçmiş təmas xətti düz ərazi də deyil, çoxlu torpaq bəndlər və hərbi istehkamlar var. Bu da ərazidə minatəmizləyən maşınlardan istifadəni çox çətinləşdirir və ərazini, demək olar ki, əllə, qarış-qarış təmizləmə məcburiyyəti yaradır. Bizim minatəmizləyənlər, həqiqətən, çox böyük fədakarlıq göstərirlər. Məhz bunun nəticəsində Ağdama elektrik xəttinin çəkilməsi bir il çəkdi. Bunun üçün 20 metr enliyində dəhliz açıldı və bu dəhlizlə şəhərə elektrik xəttinin çəkilməsinə nail ola bildik.

Təsəvvür edin ki, Qarabağın, demək olar ki, hər yerində “AzərEnerji” ASC və “Azərişıq” ASC tərəfindən müxtəlif yarımstansiyalar quraşdırılmışdı. Ən sonda Ağdamda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikildi. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi həm də “Ağdam-1” yarımstansiyasının yerləşdiyi yerdə tikilib istifadəyə verildi.

Beynəlxalq ictimaiyyətin təzyiqi altında Ermənistan bizə bəzi rayonların mina xəritələrini verib. Amma bu xəritələrin praktiki əhəmiyyəti çox aşağıdır, dəqiqliyi 25% ətrafındadır. Bu xəritələrin etibarlılığı 25% olsa da, xəritələrin əhatə dairəsi indiyədək işğaldan azad olunmuş ərazilərin cəmi 5%-ni əhatə edir. Üçtərəfli bəyanat imzalandıqdan bəri 224 nəfər mina qurbanı olub. Onların arasında ölənlər, yaralananlar, əlil olmuş insanlar var. 224 nəfərdən 139-u həmin mina xəritələri ilə əhatə olunmayan ərazilərdə minaya düşüb. Yəni söhbət təkcə onların xəritəsində göstərilən ərazilərdən getmir, təmas xəttinin arxasında da mina təhlükəsi var. Özü də bu minalar heç bir məntiqə, qaydaya əsaslanmayan şəkildə basdırılıb.

Biz hər yerdə sürpriz minalarla rastlaşırıq. Bu, həm də Ottava Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Regionda davamlı sülhü və asayişi bərpa etmək üçün ilk olaraq mütləq bu təhlükəsizlik məsələləri öz həllini tapmalıdır. Təhlükəsizlik məsələləri öz həllini tapa bilmirsə və mina təhlükəsi aradan qaldırılmırsa, onda heç vaxt regionda qarşılıqlı inam və etimad təmin olunmayacaq. Əgər biz bunu istəyiriksə, ona doğru addım atmalıyıq. Azərbaycan tərəfinin dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan tərəfindən bu istiqamətdə heç bir konstruktiv addım görmürük. Çox təəssüf ki, indi də mövcud reallıq budur və bu reallıqda fəaliyyət göstəririk.

Ən çox minatəmizləmə işi görülmüş ərazi Ağdam rayonudur. Bu ərazinin 16%-i minalardan təmizlənib. Füzuli rayonu üzrə bu göstərici 10-11% ətrafındadır. Digər rayonlarda bu rəqəm daha aşağıdır. Bu, onu göstərir ki, hələ bu istiqamətdə görüləsi işlər çoxdur.

– Mina problemindən danışarkən bir sıra infrastruktur layihələrindən bəhs etdiniz. Bəs qaz və su təchizatına dair görülən işlər hansı mərhələdədir?

– Su hazırda bütün dünyada qlobal problemdir. O cümlədən Azərbaycanda da bu problem mövcuddur. Hətta Qarabağ işğaldan azad olunana qədər də biz bu problemlə üzləşmişdik. Ona görə də Prezidentin tapşırığı ilə Xüsusi Dövlət Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında əlaqədar qurumların da iştirakı ilə yaradılan Komissiya Vətən müharibəsindən sonra artıq azad olunmuş ərazilərin də su təchizatı və təminatı ilə bağlı məsələlərlə ciddi şəkildə məşğul olur.

Suvarma suyu və içməli sudan danışsaq, azad olunmuş ərazilərdə suvarma suyu ilə bağlı kifayət qədər böyük imkanlar var. Yəni Azərbaycanın bütün su ehtiyatlarının 30%-ə qədəri azad olunmuş ərazilərdə formalaşır və bu, bizə geniş imkanlar açır. Digər tərəfdən, bu sahədə mövcud olan infrastruktur ərazilərin işğal altında olduğu dönəmdə çox yararsız vəziyyətə salınıb. Bölgədəki əsas su anbarlarımız – həm Suqovuşan, həm Xaçınçay, həm Ağdamkənd, həm Köndələnçay-1, Köndələnçay-2 və Köndələnçay-3 su anbarlarının hamısı çox bərbad vəziyyətdədir və təcili təmirə ehtiyac var.

Su anbarlarından çıxan əsas kanallara baxsaq, Tərtərçayın sağ sahil kanalı, Xaçınçaydan çıxan kanal və Köndələnçaydan çıxan kanallar da ciddi təmir olunmalıdır ki, ərazini suvarma suyu ilə təmin edə bilsin. Bu ərazidə böyük kənd təsərrüfatı potensialı var və bunun üçün suvarma suyunun böyük əhəmiyyəti var. Prezidentin tapşırığı ilə artıq 2022-ci ilin Dövlət İnvestisiya Proqramında layihələrin texniki əsaslandırılması, bu su anbarlarının təmirinin təşkili ilə bağlı zəruri dövlət vəsaiti ayrılıb, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müvafiq tapşırıqlar verilib. Komissiyada əlaqədar qurumların nümayəndələri ilə birgə bu layihələr hamısı müzakirə olunub və bu istiqamətdə işlər gedir.

İçməli su ilə bağlı da işlər aparılır. Birinci növbədə bərpa olunacaq rayon mərkəzlərinin, əsasən Ağdam və Füzuli şəhərlərinin, o cümlədən Qarabağ İqtisadi rayonuna daxil olmayan Cəbrayıl şəhərinin layihələndirilməsi ilk olaraq həyata keçirilir. Artıq Ağdam şəhərinin içməli su təchizatı sistemi, onunla bərabər, yağış sularının və çirkab sularının idarə olunması, ağıllı su idarəetmə sistemlərinin yaradılması layihələrinin hazırlanması yekunlaşıb. Eyni zamanda Füzuli şəhərində də analoji layihələr üzərində iş aparılır və onların da yaxın zamanlarda yekunlaşması gözlənilir. Bütün bunlar bitdikdən sonra artıq bu işlərin icrasına və şəhərdaxili su şəbəkəsinin qurulması prosesinə başlanılacaq.

Ərazidə çoxlu su ehtiyatları var. Söhbət o su ehtiyatlarının düzgün, optimal bölgüsünü təyin etmək və o balansı qorumaqdan ibarətdir. Dövlət Komissiyası bunun üzərində çalışır. İnanıram ki, işlərin hamısı vaxtında yekunlaşacaq.

“Onu da qeyd edim ki, magistral qaz xətləri yalnız əsas rayon mərkəzləri və rayon mərkəzləri yaxınlığındakı kəndləri əhatə edəcək”

– Bəs əraziyə qaz çəkilişi ilə bağlı hansı işlər görülür?

– Qarabağın azad olunmuş əraziləri “yaşıl zona” elan olunub və “yaşıl zona”da biz təbii qazdan məhdud istifadə olunmasını nəzərdə tuturuq. Bununla bağlı Energetika Nazirliyi tərəfindən xüsusi Yaşıl Zona Konsepsiyası hazırlanıb. Həmin konsepsiya hazırda Nazirlər Kabinetində müzakirə olunmaqdadır. Konsepsiya ilə bağlı xüsusi Tədbirlər Planı və Tədbirlər Planında hər bir qurumun üzərinə düşən müəyyən öhdəliklər var. Biz Qarabağın işğaldan azad olunmuş ərazilərində bərpa prosesində bunu nəzərə almalıyıq.

Onu da qeyd edim ki, magistral qaz xətləri yalnız əsas rayon mərkəzləri və rayon mərkəzləri yaxınlığındakı kəndləri əhatə edəcək. 2030-cu ilə qədər yalnız qazlaşdırılmış ərazilər bərpa prosesi ilə əhatə olunacaq. Ondan sonra qazlaşdırılmamış ərazilərdə də bərpa prosesi başlayacaq.

Bir məqamı da qeyd edim. Rayon mərkəzləri magistral qaz xətti ilə təchiz olunsa belə, həmin şəhərlərin daxilində təbii qazın istifadəsi ilə bağlı müəyyən normativlər və standartlar olacaq. Çünki bu, Yaşıl Zona Konsepsiyası ilə uyğunluq təşkil etməlidir. Bütün bunlar şəhərsalma layihələrində və icra prosesində nəzərə alınacaq.

“Ağdamda ilkin olaraq 15 min nəfərlik stadionun inşası planlaşdırılır”

– Ağdamın “Qarabağ” futbol klubunun stadionunun inşası ilə bağlı mövcud vəziyyət necədir? Nəzərə alsaq ki, adıçəkilən futbol klubu UEFA-nın nüfuzlu yarışlarında hər mövsüm iştirak edir.

– Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan xalqının rəğbətini qazanıb, böyük qələbələr əldə edən, Qarabağı dünyada tanıdan klublarımızdandır. Məşhur “İmarət” stadionu Pənahəli xan İmarətinin yerləşdiyi ərazidədir. Bu stadion 1952-ci ildə inşa edilib. Stadionun inşa edildiyi ərazi vaxtilə Pənahəli xanının atlarını gəzdirdiyi, nümayiş etdirdiyi bir ərazi idi. Pənahəli xan qonaqları gələndə orada özünün Qarabağ atlarını onlara göstərirdi. Biz şəhərin Baş planında həmin ərazinin məhz cıdır, yəni at meydançası kimi bərpa olunmasını nəzərdə tuturuq. Amma stadionun müasir, idman məhəlləsi adlandırdığımız ayrı bir yerdə inşa edilməsini nəzərdə tuturuq. İlkin olaraq 15 min nəfərlik stadionun inşası planlaşdırılır. Sırf futbol idman növü üçün nəzərdə tutulan stadionla yanaşı məhəllədə həm Olimpiya kompleksi, həm də Yay İdman Məktəbi və futbolçuların təlim-məşq toplantı bazası kimi infrastruktur obyektlərinin tikilməsi nəzərdə tutulub. Layihə böyükdür və çox vacib layihələrdən biridir. Bu, təkcə Ağdam sakinləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün mühüm layihələrdəndir və buna görə də bu layihəyə çox diqqətlə yanaşırıq.

Bu istiqamətdə Gənclər və İdman Nazirliyinin böyük təşəbbüsləri var. Nazirliyə əməkdaşlığa görə minnətdarıq. Hazırda onlar tərəfindən bir neçə variantda konsepsiya təqdim olunub və konsepsiyanın dəqiqləşdirilməsi üzərində iş gedir. Növbəti mərhələdə, yəqin ki, işçi layihəsi hazırlanacaq. Bu elə məsələdir ki, burada dövlətlə yanaşı, həm klubun rəhbərliyi, həm klubun məxsus olduğu şirkət, eyni zamanda, digər özəl sektor nümayəndələri də tərəfdaş kimi iştirak edə bilərlər. Bu, təkcə dövlət tərəfindən həyata keçiriləcək bir layihə olmamalıdır. Ona görə də özəl sektoru da bu işə cəlb etmək üçün artıq onlarla müzakirələrə başlamışıq. Yaxın dövr ərzində – birinci mərhələdə ən vacib layihələr sırasında bu layihə də icra olunacaq.

– Ağdama olduğu kimi, digər rayonlara müntəzəm avtobus marşrutlarının təşkili üzərində iş gedirmi?

– Bəli, bu istiqamətdə iş gedir. Artıq elan edildiyi kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iyunun 25-dən etibarən Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə müntəzəm reyslərin təşkili təmin olunacaq. İndiyə qədər Bakı-Ağdam-Bakı, Bərdə-Ağdam-Bərdə və Əhmədbəyli-Şuşa marşrutu ilə bu müntəzəm reyslər təşkil olunurdu. Bakı-Füzuli-Bakı marşrutu üzrə reys də hələlik həftədə bir dəfə – şənbə günləri nəzərdə tutulur. Bununla bağlı xüsusi nümayəndəlik olaraq biz zəruri hazırlıq işlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları ilə bir yerdə apardıq, marşrutları müəyyən etdik. Marşrutlarla bağlı ilkin zəruri infrastruktur hazırlıq işlərini gördük və hər bir dayanacaqda sakinlərin ziyarət edəcəyi yerlər barədə məlumatı olan bələdçilərin hazırlanması istiqamətində müəyyən işlər apardıq. Digər rayonlara da mərhələli şəkildə belə müntəzəm reyslərin açılması nəzərdə tutulur.

Təcrübə göstərir ki, Füzuli marşrutu açılsa, bu, kifayət qədər uğurlu reys olacaq. Çünki insanlar həm öz doğma torpaqlarını ziyarət etmək, həm də burada gedən bərpa-quruculuq işləri ilə tanış olmaq istəyirlər. Bu da təbiidir. Biz də bunun üçün hər cür şəraiti yaratmağa hazırıq.

– İlin sonuna qədər daha hansı azad olunmuş rayona müntəzəm marşrutun açılması nəzərdə tutulur?

– Biz ən çox mina ilə çirklənmiş ərazilərdən danışırıq. Söhbət Ağdam, Füzuli, Tərtər, Cəbrayıl və Xocavənddən gedir. Bir reysin açılmasının arxasında aylarla aparılan iş var. Bütün amillər nəzərə alındıqdan, bütün təhlükəsizlik tədbirləri görüldükdən sonra bu marşrutların açılması haqqında qərar verilir. Azərbaycan dövləti üçün Azərbaycan vətəndaşının təhlükəsizliyi ən ümdə, ən vacib məsələdir. Ona görə də biz bu məsələdə çox diqqətli olmalıyıq. Konkret tarix açıqlaya bilməsəm də, deyə bilərəm ki, proses gedir və vaxtı gəldikcə bu reyslər açılacaq.

– Bütün bunlar əhalinin bu yerlərə Böyük Qayıdışının təmin edilməsi üçündür. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə kütləvi qayıdış nə vaxt başlayacaq? Bu prosesin yekunlaşması üçün təxmini tarix varmı? Bu ərazilərdə ilk şəhərə (rayon mərkəzinə) qayıdış prosesi nə zamana proqnozlaşdırılıb?

– Hansısa tarixdə böyük, kütləvi qayıdış prosesinin baş verəcəyini düşünmək yanlış olardı. Zəngilanda ilk “ağıllı kənd” olan Ağalı kəndi artıq birinci mərhələ üçün hazırdır və artıq oraya köç, qayıdış prosesi başlayıb. Proses bu gün də gedir. Bütün bu şəhərlər və kəndlər hamısı eyni zamanda hazır olmayacaq. Qayıdışın da eyni zamanda baş verəcəyini düşünmək düzgün olmaz. Bunlar hamısı bəlli strateji fəaliyyət planına uyğun olaraq, bəlli qrafiklər əsasında baş tutacaq. Ağalı kəndi ayrıca layihə kimi başlamışdı və indi ilk mərhələsi yekunlaşıb, amma hələ bunun ikinci, üçüncü mərhələsi var. İkinci ağıllı kənd Füzuli rayonunun Dövlətyarlı kəndində olmalıdır. Onun layihələndirilməsi hələ davam edir.

Ümumiyyətlə, layihələndirmə və bərpa vaxt aparan prosesdir, bu işlərin hərəsinin öz qrafiki var. Bu işlər yekunlaşdıqca qayıdış prosesi mərhələlərlə, hissə-hissə təşkil olunacaq. Bu, çox ciddi meqalayihədir və Azərbaycan hökuməti bu gün bu layihəni həyata keçirmək üçün həm beynəlxalq təcrübəyə baxır, həm iş prosesinin gedişində çox ciddi təhlillər aparır. Bu gün həyata keçirilən işlərin hər-hansı hazır “resept”i mövcud deyil.

Prosesdə biz bir çox məsələləri aydınlaşdırmalı, təhlil etməli oluruq. Ona görə də mənə elə gəlir ki, proses canlı şəkildə təkamül edəcək. Hazırda artıq ilk kəndimiz qayıdış üçün hazırdır. Növbəti illər ərzində digər kəndlər hazır olduqca qayıdış prosesini təşkil edəcəyik.

“Mərkəzi hissəyə ilk qayıdış baş verdikdən sonra paralel olaraq şəhərin kənarları və digər hissələri də bərpa olunacaq”

– Bəs Ağdam şəhərinə qayıdış prosesinin nə zaman başlayacağı proqnozlaşdırılır?

– Şəhərin özünün ərazisi 2000 hektara yaxındır. Bu, Baş planda belə nəzərdə tutulub. Ümumiyyətlə, prinsip olaraq bütün şəhərlərdə ilkin olaraq şəhərin mərkəzi hissəsinin bərpa olunması nəzərdə tutulur. Mərkəzi hissəyə ilk qayıdış baş verdikdən sonra paralel olaraq şəhərin kənarları və digər hissələri də bərpa olunacaq. Rayon mərkəzləri bərpa olunmaqla yanaşı, biz paralel kəndlərin bərpası ilə də məşğul oluruq. Hər bir rayonda bütün kəndlər ən müasir, ən qabaqcıl texnologiyalardan istifadə etməklə bərpa olunacaq. Amma biz onu gözləmirik ki, şəhər tikilib qurtarsın, sonra kəndləri bərpa edək. Paralel olaraq artıq kəndlərin də bərpası, layihələndirməsi işi gedir.

– Füzulidə ağıllı kənd layihəsi – Dövlətyarlı kəndində tikinti işləri hansı mərhələdədir? Bu kəndə əhalinin köçürülməsinə nə vaxt başlanması planlaşdırılır?

– Dövlətyarlı kəndində hazırda layihələndirmə işi gedir. Layihələndirmə işi sentyabr ayına qədər yekunlaşmalıdır. Ondan sonra layihənin əsas podratçısı seçiləcək və bu ilin sonuna qədər artıq ilkin torpaq işlərinə start veriləcək. Yəni layihə ilə bağlı ciddi iş gedir, həmçinin, bu, ikinci ağıllı kənd layihəsi olduğu üçün ilk layihədən əldə olunmuş təcrübə çox ciddi şəkildə təhlil olunur. Ona görə də indiyə qədər görülmüş işlər zamanı əldə olunmuş nəticələri növbəti mərhələdə digər layihələrdə hər zaman nəzərə almalıyıq. Bu, bizim üçün vacib prinsipdir. Biz layihələndirməyə bir qədər də əlavə vaxt sərf etdik ki, məhz birinci ağıllı kənddə əldə olunmuş təcrübədən burada istifadə olunsun.

– Bəs bu kəndə qayıdışla bağlı bir tarix müəyyənləşibmi?

– Proqnoz vermək çətindir. Amma biz əlimizdən gələni edirik ki, Dövlətyarlı kəndinə qayıdış baş tutsun. Yəqin ki, bir il ərzində kəndin mərkəzi hissəsində artıq ilkin şərait təmin olunacaq və köç üçün bu işləri təşkil etməyə başlayacağıq. Ancaq konkret tarixi biz heç vaxt proqnozlaşdıra bilmirik.

“Dövlət keçmiş məcburi köçkün soydaşlarımızın həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı öhdəliyini yerinə yetirəcək”

– İşğal özəlləşdirmədən öncəki dövrə təsadüf edib, həmin şəxslərin özəl mülkiyyəti və pay torpaqları olmayıb. Bu baxımdan Qarabağda əhaliyə həm də kənd təsərrüfatı təyinatlı torpaq payının verilməsi nəzərdə tutulurmu?

– Əlbəttə, nəzərdə tutulub. Azərbaycanda mövcud qanunvericilik var. İşğaldan azad olunmuş ərazilərdə də vaxt gələndə mövcud qanunların tətbiqi mexanizmi müəyyənləşəcək. Ola bilər ki, müəyyən dəyişikliklər olsun. Bəli, bizdə özəlləşdirmə prosesi və özəlləşdirmə haqqında qanunlar Ermənistanın torpaqlarımızı işğalından sonra həyata keçirildi və faktiki olaraq o bölgələrdən köçkün düşmüş soydaşlarımızın əlində mülkiyyət sənədləri yoxdur. Amma onların mənəvi hüquqları var. Dövlət keçmiş məcburi köçkün soydaşlarımızın həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı öhdəliyini yerinə yetirəcək. Sadəcə, bunun mexanizmlərinin necə olacağı, nə zaman baş verəcəyi ilə bağlı hazırda müzakirələr gedir. Zamanı gələndə bununla bağlı xüsusi təkliflər, təşəbbüslər müzakirə olunacaq və nəticə geniş ictimaiyyətə də təqdim ediləcək.

– Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərə qayıdacaq məcburi köçkünlərin bir hissəsi özləri evlərini yenidən tikərək yaşamaq istəyir. Bu şəxslərin evlərini bərpa etməsi, yaxud Baş plana, müfəssəl plana uyğun özlərinə ev tikməsi üçün şərait yaradılması nəzərdə tutulurmu?

– Belə plan var. Bu istiqamətdə müzakirə gedir.

“Hazırda azad olunmuş ərazilərdə olan bütün əmlaklar qiymətləndirilib, üç kateqoriyaya bölünüb”

– İnfrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasının təşkili istiqamətində hansı işlər görülüb?

– Bu sahədə böyük işlər görülüb. Ərazilər işğaldan azad olunduqdan dərhal sonra Əlaqələndirmə Qərargahı çərçivəsində həm Kənd Təsərrüfatı Nazirliyi, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin, həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə xüsusi mobil qruplar yaradıldı. Onlar yerlərdə həm dron çəkilişləri, həm ortofotolar vasitəsilə, həm də yerində ölçmələr vasitəsilə bütün ərazidə yerləşən əmlakların qeydiyyatını apardılar. Əmlakların artıq elektron qeydiyyatı da təmin olunub.

Bu yaxınlarda Prezidentin fərmanı ilə Nazirlər Kabinetinə tapşırıqlar verildi ki, ümumiyyətlə, söküntü işləri ilə bağlı bütün əmlakların reyestri təşkil olunsun. Hazırda azad olunmuş ərazilərdə olan bütün əmlaklar qiymətləndirilib, üç kateqoriyaya bölünüb. Bura söküntüsünə icazə verilən, söküntüsü üçün məlumatlandırma tələb edilən, söküntüsü üçün heç bir icazə tələb olunmayan tikililər daxildir. Bunların hər biri ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində xüsusi reyestr hazırlanır. Eyni zamanda, burada söhbət həm də infrastruktur obyektlərinin reyestrindən gedir. Bununla bağlı ayrıca həm Ekologiya və Təbii Sərvətlər Nazirliyində, həm Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, həm “Azərsu” ASC-də məlumat bazası var. Bunlar hamısı ümumi bir vahid informasiya məkanı olaraq Əlaqələndirmə Qərargahının sərəncamındadır. Mədəni və tarixi abidələrin də öz reyestri, elektron xəritəsi var, bu da Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. Bütün bu ərazilərdə yerləşən həm infrastruktur obyektləri, həm əmlaklar, həm mədəni və tarixi abidələr, həm təbii ehtiyatlar və qoruqlar hamısı xüsusi reyestrə salınır və məlumat bazası kimi mövcuddur. Ona görə bərpa prosesində layihələndirmə zamanı reyestrlərdən sorğu edilir və hər biri tərəfindən razılıq əldə olunandan sonra icra işlərinə başlanıla bilər.

– Söküntüsünə icazə verilməyən, qadağan edilən obyektlərin statistikası varmı?

– Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində var. Hələ bu işlər tam yekunlaşmayıb, amma yekunlaşmaq üzrədir. Hazırda bununla bağlı hazırlanan qaydaya əsasən, hər-hansı bir söküntü işi aparılmazdan qabaq müraciət olunacaq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq rəy alındıqdan sonra söküntü işlərinə başlanılacaq.

“Hazırda Xocalı rayonu və Xankəndi şəhəri sülhməramlıların nəzarəti altındadır, Xocalı rayonunun altı kəndi bizim nəzarətimizdədir”

– Bəs Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə hansı sahələrin inkişafı prioritet olacaq?

– Qarabağ İqtisadi Rayonu Tərtər, Ağdam, Füzuli, Xocavənd və Xocalı rayonlarının işğaldan azad olunmuş ərazilərini əhatə edir. Hazırda Xocalı rayonu və Xankəndi şəhəri sülhməramlıların nəzarəti altındadır, Xocalı rayonunun altı kəndi bizim nəzarətimizdədir.

Bölgənin müqayisəli olaraq sosial-iqtisadi üstünlüklərinə nəzər salsaq, kənd təsərrüfatı üçün geniş münbit torpaqlar, imkanlar mövcuddur. Ənənəvi olaraq bu ərazidə həm taxılçılıq, həm üzümçülük, həm pambıqçılıq və tütünçülük, o cümlədən meyvəçilik olub. Bu torpaqlarda bu fəaliyyət sahələri yüksək məhsuldarlıqla mövcud olub. Eyni zamanda, heyvandarlıq da ərazilərdə inkişaf edib. Kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələri, xüsusilə emal sənayesini inkişaf etdirmək böyük potensialın olduğunu görürük. Ağdam rayonunda çoxlu sayda karxanalar var ki, orada tikinti materialları üçün xammal bazası çox böyükdür. Həmin xammaldan bu gün həm Qarabağda gedən bərpa işlərində, həm də Azərbaycanın digər rayonlarında tikinti materialı kimi istifadə etmək olar.

Şərqi Zəngəzur İqtisadi rayonunda Araz Vadisi İqtisadi Zonası, Qarabağ İqtisadi Rayonunda Ağdam Sənaye Parkı olacaq. Ağdam Sənaye Parkı Ağdam şəhərində yerləşir və onun mobilizasiya sahəsi artıq hazırdır. Ağdam Sənaye Parkının doqquz rezidenti var və rezidentlər də artıq öz zavod və fabriklərini yavaş-yavaş tikməyə başlayırlar. Amma bu rezidentlərin sayı da getdikcə artacaq. Burada əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesi, tikinti materialları, müəyyən yeyinti və yüngül sənaye sahələrinin inkişafının prioritet olacağını qeyd etmək olar. Yeyinti sənayesində çörək məmulatlarının istehsalının, şərabçılığın, yüngül sənayedə tekstil sahəsinin, tikinti sənayesində isə bütün spesifik məhsulların istehsalının təşkil oluna biləcəyini xüsusilə qeyd etmək istəyirəm. Yəni həm əhəng daşının, həm kərpiclərin, bardürlərin, dam örtüklərinin, taxta və metal konstruksiyaların emalı təşkil oluna bilər.

– Ağdam Sənaye Parkına xarici investorların marağı hansı səviyyədədir?

– Kifayət qədər çox maraq var. İlk rezident birgə müəssisədir, Prezident həmin müəssisənin təməlini özü qoydu. Bu rezident “SmartPoint” şirkətidir, Türkiyə və Azərbaycan kapitallı birgə müəssisədir. Eyni zamanda, bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri kapitalı olan daha bir şirkət Ağdam Sənaye Parkında rezident statusunu əldə etdi və burada kənd təsərrüfatı və tikinti sahəsində işləyən ağır texnikalara xidmət mərkəzini qurmaq niyyətindədir.

Həm İqtisadiyyat Nazirliyinə, həm də bizə gündəlik əsasda kifayət qədər müraciətlər daxil olur. Biz bunların hamısını incələyərək İqtisadiyyat Nazirliyinə təqdim edirik və bütün investorlar üçün eyni şərait yaradılır. Mənə elə gəlir ki, burada mütləq xarici investorların təcrübəsindən, texnoloji yeniliklərindən istifadə etməliyik.

– Xarici dövlətlər və şirkətlərlə işğaldan azad edilmiş ərazilərdə hansı sahələr üzrə əməkdaşlıq prioritet təşkil edir?

– Sahələr çox genişdir və bu əməkdaşlıq hər bir sahədə ola bilər. Amma dövlət olaraq bizim burada siyasətimiz belədir ki, yerli şirkətlərimizin bacarmadığı, ixtisaslaşmadığı sahələrdə püxtələşən xarici şirkətlərin təkliflərinə daha çox üstünlük veririk. Bu sırada intellektual innovasiyalar, xüsusi və yüksək texnologiyalar üstünlük təşkil edir. Ən düzgün yol da budur. Texnoloji yeniliklər Azərbaycana da bu formada sirayət edəcək və Azərbaycanda da bu sahələrdə yerli şirkətlər peyda olacaq. O halda artıq bu işləri yerli şirkətlər həyata keçirə biləcək. Hətta son illər ərzində görülən işlər nəticəsində Azərbaycanda artıq bir çox yerli şirkətlər yaranıb ki, indiyə qədər xaricdən aldığımız məhsulları Azərbaycanda istehsal etmək imkanına malikdirlər. Bizim də məqsədimiz odur ki, xarici şirkətlər yerli şirkətləri özlərinə partnyor kimi cəlb etsinlər. Çünki nəticə etibarilə bu sahədə təcrübə yerli şirkətlərə ötürülür. Bu da gələcəkdə həmin məhsulların artıq bizim yerli şirkətlər tərəfindən istehsalına şərait yaradacaq.

“Qarabağda potensial çox böyükdür və Azərbaycan dövləti də bu potensialı öz vətəndaşları üçün yaradacaq”

– Yaxın və orta perspektivdə Qarabağın Azərbaycan iqtisadiyyatında yerini, çəkisini necə görürsünüz?

– Bir iqtisadçı olaraq deyə bilərəm ki, Qarabağ Azərbaycan Respublikasının ərazisində ən gözəl və iqtisadi potensialı yüksək olan bölgələrimizdəndir. Biz bayaq su ehtiyatlarından danışdıq. Bu ərazilərin çox böyük turizm potensialı var, çoxlu təbii ehtiyatları var. Düzdür, 30 il ərzində düşmən misli görünməmiş vandalizmə məruz qoyub bu yerləri, total urbisid və total ekosid tətbiq edib, təbii sərvətlərimizi amansızcasına istismar edib. Buna baxmayaraq, azad edilmiş ərazilərin potensialını çox yüksək qiymətləndirirəm. Ağdam və Qarabağ İqtisadi Rayonu əsas iş yerlərinin təminatçısı, regional mərkəz kimi kifayət qədər əhəmiyyətli bir bölgəyə çevrilə bilər. Bunun üçün həm kənd təsərrüfatı, həm emal, həm digər sənaye sahələri baxımından geniş imkanlar olacaq. XXI əsrdə meydana gələn yeni sahələr də azad olunmuş ərazilərdə təşkil oluna bilər. Buraya ilk olaraq yüksək texnologiyaları aid edirəm. Xüsusilə də gənc nəslin Qarabağa qayıdışı və fəaliyyət göstərməsini təmin etmək üçün belə imkanlar da var.

Ümumilikdə, insanların qayıdışı təmin olunandan sonra bu bölgənin böyük iqtisadi potensialı yaranacaq, Azərbaycan iqtisadiyyatına kifayət qədər böyük həcmdə töhfə verəcək. Bir şeyi də unutmayaq ki, bu gün biz mövcud geosiyasi reallıqlardan çıxış edərək, Zəngəzur dəhlizindən danışırıq. Bu dəhliz faktiki olaraq Azərbaycan iqtisadiyyatının, bütövlükdə region iqtisadiyyatının çiçəklənməsinə, sıçrayışlı artımına gətirib çıxara bilər. Çünki məhz bu dəhliz vasitəsilə biz açıq okeana çıxış əldə etmiş oluruq. Müasir dövrdə logistika və nəqliyyat kanalları ilə bağlı yüksək xərcləri və Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən ən qısa marşrutun bu bölgədən keçdiyini nəzərə alsaq, Zəngəzur dəhlizi böyük imkanlar açır. Bu imkanlardan bəhrələnsək, bu dəhliz Qarabağın çiçəklənməsinə gətirib çıxara bilər.

Qarabağda potensial çox böyükdür və Azərbaycan dövləti də bu potensialı öz vətəndaşları üçün yaradacaq. Bunun üçün zəruri nədirsə, nə edilməlidirsə, hamısını ediləcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir