“Bu gün Azərbaycanla Özbəkistanı ayıracaq heç bir səbəb yoxdur” – RƏYLƏR

Siyasət

“Azərbaycan və özbək xalqları arasındakı mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Tarixi şəhərlərimiz olan Səmərqənd, Buxara, Bakı, Gəncə, Şamaxı, Naxçıvan arasında güclü mədəni-iqtisadi əlaqələr olub”.

Bunu “Report”a açıqlamasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib.

O bildirib ki, orta əsrlərdə özbək mütəfəkkiri Əlişir Nəvainin Nizami Gəncəviyə xüsusi rəğbəti olub:

“O, öz əsərlərində Nizami Gəncəviyə nəzirələr yazıb. Gəncəvini öz ustadı kimi görüb. Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daha sonra Azərbaycan şairi Məhəmməd Füzulinin də Əlişir Nəvaidən ilhamlanaraq əsərlər yaratdığı qeyd olunur. Ümumiyyətlə, bu əlaqələr ötən əsrin əvvəllərində azərbaycanlıların Mərkəzi Asiyada, Türküstanın həyatında mühüm rolu olub. Ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılıb. Bu çoğrafiyaya aid xüsusi nömrələr dərc olunub”.

Direktor deyib ki, Azərbaycanın məşhur “Arşın mal alan”, “Leyli və Məcnun” əsərləri dəfələrlə Özbəkistanın səhnələrində nümayiş etdirilib:

“Sovet dövründə də bu əlaqələr davam edib. Xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanlarda da hər iki ölkədə mədəniyyət günləri keçirilib. Bu tədbirlərdə ölkələrin tanınmış simaları iştirak ediblər. Son illərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində xeyli işlər görüb. Mərkəzdə 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə olunub və dərc edilib. Azərbaycanda da bu kimi işlər görülüb, özbək mütəfəkkirlərinin əsərləri Azərbaycan dilinə tərcümə edilib. Bundan başqa, Bakıda Əlişir Nəvainin heykəli ucaldılıb. Bakının mərkəzində Özbəkistan və Mirzə Uluqbəy küçələri var. Özbəkistanda da Bakı, Səməd Vurğun və s. küçələri mövcuddur. Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti hələ 1940-cı illərdə yaradılıb. Bu ali məktəb indi də Özbəkistanda olduqca fəaldır. Həmin univeristetin tərkibində “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Hər il Özbəkistan şəhərlərində Azərbaycan mədəniyyət və ədəbiyyat günləri keçirilir. Şuşada keçirilən “Xarıbülbül” festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak edib. Azərbaycan Dövlət Rəqs Ansamblı isə Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərində keçirilən Beynəlxalq Rəqs Festivalında iştirak edib və qalib gəlmişdi. Bütün bunlar və sadalamadığımız yüzlərlə tədbirlər hamısı iki ölkə arasındakı əlaqələrin sıxlığından və səviyyəsindən xəbər verir”.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi isə qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin konkret tarixi yoxdur:

“Çünki biz bir babanın övladları olmuşuq. Zaman keçdikcə babanın ailəsi böyüyüb. Övladlarından birinin adı Azərbaycan, birinin adı Özbəkistan, digərinin adı isə Türkmənistan olub. İki ölkə arasındakı əlaqələrin bugünkü vəziyyəti tarixi köklərə, ortaq dəyər və mədəniyyətə əsaslanır”.

O söyləyib ki, iki ölkənin dili də eynidir:

“Mən hər il dəfələrlə Özbəkistan universitetlərinə dərs deməyə gedirəm. Orada öz dilimizdə danışıram. Auditoriyaya məni başa düşüb-düşmədikləri ilə bağlı sual verirəm. Onlar da başa düşdüklərini təsdiqləyirlər, dediyim mühazirələrdən suallar verirlər. Bu da o deməkdir ki, dilimizi başa düşürlər. Bu gün Azərbaycanla Özbəkistanı ayıra biləcək heç bir şey yoxdur. Bütün sahələrdə əməkdaşlıq əlaqələri var. Həm Özbəkistanda, həm də Azərbaycanda iki ölkənin mədəniyyət günləri təşkil edilir. Tanınmış simaları qarşılıqlı olaraq səfərlər edir, konsertlər keçirirlər. Həmçinin iki ölkənin dahilərinin adlarına mərkəzlər və küçələr də var”.

“Özbəkistan bizə o qədər yaxındır ki, Ermənistanda səfirlik açmayıb, diplomatik əlaqəsi yoxdur. Özbəkistan rəhbərliyi hər zaman bəyan edirdi ki, Ermənistan işğal etdiyi torpaqların hamısını Azərbaycana qaytarmayınca İrəvanla diplomatik əlaqələr qurmayacaqlar. Bu Özbəkistanın Ermənistana qoyduğu şərtdir. Bu da bizim nə qədər yaxın xalq olduğumuzu göstərir”, – A.Ülvi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərindədir. Ötən gün iki ölkənin liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev arasında məhdud və geniş tərkibdə görüş keçirilib. Görüşdən sonra Azərbaycan və Özbəkistan arasında 9 sənəd imzalanıb. Onların arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, həmçinin hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında sazişlər də var.

Ş.Mirziyoyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əlyazmalarından birini Prezident İlham Əliyevə hədiyyə edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir