İstər ölkəmizdə, istərsə də Rusiyanın siyasi dairələrində kifayət qədər həssaslıqla izlənilən xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun görüşü, nəhayət, baş tutdu.
Düzdür, buna qədər Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkəmizə səfər etmişdi və Ermənistana 400 tondan artıq hərbi yükün göndərilməsi məsələsi ilə bağlı açıqlama vermişdi. Amma siyasi təhlilçilər Rusiya müdafiə nazirinin Bakıya gəlişini müəyyən mənada baş diplomatların kritik görüşünə hazırlıq məqsədi daşıdığını bildirirdilər və bu diplomatik manevri danışıqlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun işinin bir az yüngülləşdirilməsi kimi qiymətləndirirlər.
Xarici işlər nazirlərinin görüşündən bu qənaətə gəlmək olur ki, rəsmi Moskva yenidən Azərbaycan və Ermənistan arasında Qarabağ danışıqlarını bərpa etmək istəyir.
Diqqətçəkən məqamlardan biri isə Lavrovun həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar formatının dəyişdirilməsini qəbuledilməz saymasıdır.
Politoloqların fikrincə, rusiyalı diplomatın bu mesajı rəsmi Bakı və Ankaraya aiddir.
Ekspertlər bildirir ki, danışıqlar formatını vasitəçilər deyil, tərəflər təklif edə bilərlər, Lavrov isə öz çıxışı ilə münaqişənin bu cür davam etməsində maraqlı olduqlarını bir daha təsdiqləyir.
Bu baxımdan, Rusiya ilə Azərbaycan arasında son bir neçə gün ərzində aparılan danışıqlar Moskvanın istədiyi kimi uğurlu olmayıb. Çünki rəsmi Bakı öz mövqeyini dəyişmədi.
Azərbaycan öz güclü mövqeyi və arqumentlərindən çıxış edərək, Türkiyə ilə birgə addımlarını davam etdirməli, öz haqlı tələblərini mənasız danışıqlara qurban verməməlidir.