İsrail kəşfiyyatına uduzan İran: Köhnəlmiş texnika və metodla işləyən Tehran – ŞƏRH + FOTO

Siyasət

Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən ölkələri çağdaş texnologiya yaxınlaşdırıb. Bu və başqa səbəblərdən dövlətlərin təhlükəsizliyinin sərhədləri ölkələrin daxilləri ilə məhdudlaşmır.

Öz milli təhlükəsizliyini dost, yaxud yaxın olan dövlətlərlə yanaşı rəqiblər və düşmənlər də üçüncü ölkənin ərazisində qurmağa çalışır, həmin ərazidən qarşı tərəfin fəaliyyətini müşahidə edir. Hadisələr və rəsmilərin çıxışları deməyə əsas verir ki, İran və İsrail də bir-birini başqa dövlətlərin ərazisindən izləyirlər.

Son günlər Türkiyənin İstanbul şəhərində israillilərə qarşı hazırlanan 3 terror aktının qarşısının alınması da bunu təsdiqləyir. “İsrael a-Yom”un məlumatına görə, terror aktlarını İrana aid üç ayrı qrup reallaşdırmağa hazırlaşırmış. Onların birincisi, İstanbulun Bəyoğlu rayonunda, İsrailin keçmiş səfiri və onun həyat yoldaşına qarşı, ikincisi, İstanbulda İsraildən olan çoxsaylı turistlərin getdiyi bazarda, üçüncü hadisə isə, İran və Türkiyə vətəndaşlarından ibarət qrup tərəfindən israillilərə qarşı törədiləcəkmiş. Sonuncu barədə detallı məlumat yayılmayıb.

İslam Respublikası orqanlarının törətmək istədikləri terror aktları Türkiyə və İsrailin uyğun qurumları tərəfindən ifşa olunub. Rəsmi mənbələr bildiriblər ki, bu cinayətlər İranın Kəşfiyyat Nazirliyi (SAVAMA, Məhəmmədrza Şahın dövründə SAVAK – red.) hazırlayıb. Əməliyyat nəticəsində 8-10 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Beləliklə, İran SAVAMA-sının əməliyyatı iflasa uğrayıb. Bu, İslam Respublikası kəşfiyyat və təhlükəsizlik qurumlarının zəiflədiyindən, yoxsa İsrailin uyğun orqanlarının daha güclü işlədiyindən xəbər verir? Çünki əvvəllər İranın kəşfiyyat orqanları ABŞ və İsrail vətəndaşlarına, vəzifəli şəxslərinə qarşı bir sıra terror aktları törədiblər. Həmin cinayətləri törədənlərin ələ keçməsi barədə geniş məlumat olmayıb, nəticədə belə qalmaqal da yaranmayıb. Ancaq bu dəfə qruplar faş olunub.

Yeri gəlmişkən, İranın kəşfiyyat, təhlükəsizliklə məşğul olan bir neçə orqanı var: İnformasiya Nazirliyi (ETTELAAT), Silahlı Qüvvələrin Kəşfiyyatı, Hərbi Kəşfiyyat (şahdan qalma, ənənəvi Ərteşin kəşfiyyat orqanı – red.), İnqilab Keşikçiləri Qvardiyasının siyasi və hərbi-siyasi kəşfiyyatı, Asayiş Keşikçiləri qüvvəsinin hərbi-siyasi kəşfiyyatı və s.

Bu orqanlar kəşfiyyat rəhbərliyinin fəaliyyətini və planlarını reallaşdırırlar. Kəşfiyyatın ali rəhbəri İran İslam Respublikasının Ali Baş Komandanı və Ali Rəhbəridir. İndi bu vəzifəni ayətullah Seyid Əli Xamenei tutur. Kəşfiyyatın baş siyasi xəttini o müəyyənləşdirir və Ali Milli Təhlükəsizlik Şurasına uyğun tapşırıqlar verir.

Şurada aşağı instansiyalardan daxil olan əməliyyat-kəşfiyyat və əks-kəşfiyyat məlumatları təhlil edilir. Onun əsasında hər bir konkret hal və yaranmış vəziyyət üçün optimal həll yolu işlənib hazırlanır.

Kəşfiyyatın fəaliyyət istiqaməti barədə də qısaca məlumat vermək istərdik.

Məhəmməd Xatəmin prezidentliyi dönəmində SAVAMA-ya, ETTELAAT-a başçılıq etmiş Əli Yunisi MDB ölkələrinin xüsusi xidmət orqanları, xüsusilə Rusiya, Qazaxıstan, Ermənistan və s. ilə əməkdaşlığa diqqət ayırıb. Onun rəhbərliyi altında ABŞ-ın İraqdakı fəaliyyəti ilə bağlı bir sıra əməliyyatlar keçirilib.

İran kəşfiyyatının xaricdəki bütün nümayəndəlikləri və səfirliklərində bölmələri fəaliyyət göstərir. Bunun üçün qvardiya və ETTELAAT-da xüsusi bölmə fəaliyyət göstərir. Onlar müxtəlif ölkələr üzrə casuslar toplayırlar.

İranın başlıca güc strukturu İnqilab Keşikçiləri Qvardiyası və onun kəşfiyyat orqanı sayılır. Bu hərbi qurumun son illər ən çox “Qüds” adlı xüsusi təyinatlı qüvvəsinin adı hallanır. Bu qüvvə xaricdə islam adı altında yaranan iranyönümlü müxtəlif təşkilatlara hərtərəfli (maddi, maliyyə və s.) yardım edir. Terror əməliyyatları həyata keçirir, yaxud onu təşkil edir. “Qüds” casus şəbəkəsi yaradır, kamikadze hazırlayır. Bu qolun xaricdə qanunsuz olaraq rezidentliyi də fəaliyyət göstərir. Onun 8 idarəsi var. Onlardan biri də Türkiyə və Cənubi Qafqaz üzrə fəaliyyət göstərir. “Qüds” Türkiyədə kürd etnik qrupuna məxsus “Hizbullah” hərəkatını, terrorçu PKK-nı və Azərbaycanda İslam Partiyasını dəstəkləyir.

Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, “Qüds”ün tərkibində “İmam Əli” adlı idarə də fəaliyyət göstərir. Bu idarədə hər birində 18 kişidən və 10-15 qadın ibarət kamikadze dəstələri var.

Yayılan məlumatlara əsasən, son illər “Qüds” müxtəlif ərazilərdə, Hindistan və Keniyada, habelə region ölkələrində ciddi qüsurlara yol verib. Onun agentləri ifşa olunub və ya əxlaqsızlıqla məşğul olduqları aşkarlanıb. Son 10 ildə bu qolun ən “uğurlu” əməliyyatı Bolqarıstanda İsrail turistlərini aparan avtobusu partlatması sayılır. İsrailin ovaxtkı Baş naziri Benyamin Netanyahu hadisəyə görə İranı suçlamışdı. Bolqarıstanın Burqas şəhərindəki hava limanında avtobusun partlaması nəticəsində azı 3 nəfər ölmüş, 20-dən çox turist isə yaralanmışdı.

2020-ci il yanvarın 3-də “Qüds”ün komandanı general Qasım Süleymaninin qətlə yetirilməsi İran kəşfiyyatı və qvardiyasının son illərdəki ən böyük uğursuzluqlarından sayıla bilər.

Bunun bir neçə səbəbi ola bilər: İranın kəşfiyyat orqanlarında mövcud hakimiyyətə sadiqlik azalıb, kəşfiyyat qurumlarının texniki təchizatı köhnəlib, bu qurumların əməkdaşlarının maliyyə tələbatı ödənilmədiyi üçün işin öhdəsindən gələ bilmir, kəşfiyyat və xüsusi xidmət orqanlarının əməkdaşları İran hakimiyyətinə inanmadıqları üçün informasiya sızdırılır və s.

İran regionun hegemon dövləti olmaq uğrunda uzun illərdir İsraillə mübarizə və rəqabət aparır. Regionda müsəlmanların çoxluğunu nəzərə alsaq, Tehran bu üstünlükdən yararlanmağı bacarmır. Sadaladığımız və başqa səbəblərdən İran İsrailə təbliğatda və fəaliyyətdə uduzur. Son hadisələrin ifşa olunması onun kəşfiyyatına, xüsusilə qvardiyasına, o cümlədən “Qüds”ə böyük zərbədir…

Report” İnformasiya Agentliyi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir