Ondrjey Soukup: “Ukrayna və Rusiyanın indi nəyisə razılaşdırmaq istəyi yoxdur”

Siyasət

“Qorxuram ki, bu böhranın, müharibənin münasib şərtlər çərçivəsində və tez həlli yolu yoxdur. Aydındır ki, hər iki tərəf bəlli səbəblərdən geri çəkilmək niyyətində deyil. Vəziyyət, çox güman, ona gətirib çıxaracaq ki, ilin sonunda hər iki tərəf yorulacaq və resursları tükənəcək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında artıq beş aydır Ukrayna ilə Rusiya arasında davam edən müharibənin təhlilini aparan Çexiyanın “Hospodářské noviny” (“İqtisadi xəbərlər”) qəzetinin beynəlxalq şöbəsinin redaktoru Ondrjey Soukup deyib.

O.Soukup hesab edir ki, Rusiya bütün Donetsk vilayətini ələ keçirə bilər və bu indi Moskvanın özü üçün müəyyənləşdirdiyi əsas strateji məqsəddir.

“Bu zaman isə Kreml deyə bilər ki, biz Donetskdən Krıma qədər olan əraziyə sahib çıxırıq. Ancaq aydındır ki, ukraynalılar bununla razılaşmayacaqlar. Üstəlik, Rusiyanın bu şərtinə razı olacaq hər bir ukraynalı siyasətçi üçün bu, siyasi intihar demək olacaq. Ona görə də mənə elə gəlir ki, bizi uzun müddətli dondurulmuş münaqişə və soyuq müharibə gözləyə bilər. Məsələn, atəşkəsdən sonra şimal və cənub hissələrə bölünən Koreya nümunəsi kimi. Orada bu günə qədər hər hansı sülh müqaviləsi əldə olunmayıb”.

Ukraynadakı hadisələrin “Qarabağ planı”na uyğun olaraq inkişaf etməsi və gələcəkdə Ukraynanın da Azərbaycan kimi öz torpaqlarını işğaldan azad etmək gücündə olmasına dair proqnoza isə Ondrjey Soukup belə  cavab verib:

“Bu analogiyadan istifadə etsək, o zaman Ukrayna işğal olunan ərazilərini hərbi yolla geri qaytarmalıdır. Rusiya və Ukraynanın əhalisini və hərbi potensialını nəzərə alsaq, bu mümkündürmü? Bu, çox çətin olacaq”.

Ekspert Avropanın vasitəçiliyini, həmçinin Türkiyənin təqdim etdiyi platformaya da öz münasibətini bildirib:

“Ankara təbii ki, münaqişəni həll etməyə çalışır və bununla da öz statusunu yüksəldir. Həqiqətən də Türkiyənin təklif etdiyi platforma heç də pis deyil. Problem ondadır ki, Ukrayna və Rusiyanın indi nəyisə razılaşdırmaq istəyi yoxdur. Hər iki tərəf hərbi baxımdan kimin qalib gəldiyini, kimin müəyyən uğur qazana bildiyini müəyyənləşdirmək üçün ilin sonunu gözləyir. Bundan sonra isə əlbəttə ki, heç olmasa atəşkəs haqqında danışıqlar aparmaq lazım gələcək”.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir