Rusiya-Ukrayna müharibəsi davam etdikcə dövlətlər öz iqtisadi potensiallarını daha çox gəlir gətirən müstəviyə çıxarmaqdan ötrü çalışırlar. Bununla da qlobal iqtisadi təzyiqlərə qarşı maksimal qoruyucu mexanizm formalaşdırırlar.
Bu məqsədlə tranzit imkanlarının artırılması qarşıda dayanan iqtisadi çağırışlar siyahısında xüsusi yer tutur.
Azərbaycanın da tranzit imkanları genişdir, hərçənd ki, bunu hələ üst səviyyəyə qaldıra bilməyib. Lakin Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində – Şərq-Qərb və Şimal-Cənub, Avropa-Qafqaz-Asiya nəqliyyat koridorlarında – tranzit əhəmiyyəti şaxələnir.
Azərbaycan Avropa-Qafqaz-Asiya (TRASEKA) beynəlxalq nəqliyyat dəhlizi ilə tranzitini genişləndirib, indi təqdim edəcəyimiz rəqəmlər belə deməyə əsas verir.
Dövlət Statistika Komitəsinin datalarına əsasən, 2019-cu ildə həmin marşrut üzrə Azərbaycandan 52 762 ton yük daşınıbsa, 2020-ci ildə bu rəqəm kəskin enişə məruz qalaraq 38 491 ton təşkil edib. Bunun səbəbi koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərlə əlaqədar idi. Ancaq bu, yükdaşımaların tranzit şkalası üzrə artıma mənfi təsir etməyib.
Belə ki, həmin nəqliyyat koridoru ilə Azərbaycandan 2019-cu ildə 8 077 ton tranzit yük daşınıbsa, 2020-cu ildə bu rəqəm 8 382 tona yüksəlib.
Pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin rejimləri yumşaldıqca, həmin dəhliz üzrə Azərbaycandan daşınan ümumi yüklərin çəkisində yenidən canlanma müşahidə edilib.
2021-ci ilin yanvar-mart ayları üzrə ümumi yükdaşımaların bu dəhliz üzrə Azərbaycandan daşınan həcmi 10 176 ton olubsa, 2022-ci ilin müvafiq dövründə yüksəlmə müşahidə olunaraq həmin rəqəm 10 858 tona qalxıb. Bu, tranzit yükdaşımaların həcminin də artan şkala üzrə qalxmasına gətirib çıxaracaq.
Azərbaycan tranzit qiymətlərini özü müəyyən edir və büdcəyə tranzitdən gələn pulların həcmi genişlənir.
Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları və dəniz nəqliyyatı vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi mövcuddur.
Bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının saytında məlumat yerləşdirilib.
Tariflər bir ton yük üçün istiqamətdən asılı olaraq fərqli qiymətlərə (dollarla) əsaslanır.
2021-ci ildə neft və qazın Azərbaycan Respublikasının ərazisindən nəqlindən əldə olunan tranzit haqqı 12,6 milyon ABŞ dolları təşkil edib.
Ancaq Azərbaycan təkcə neft məhsullarının daşınması ilə işin bitmədiyini bilir. Azərbaycan daha cəlbedici təkliflər hazırlayır və tranzit yükdaşımalarda bir məhsula fokuslanmaq siyasətindən kənarlaşır.
Bakı-Tbilisi-Qars dəmiryolu bunu stimullaşdırır, bu yolla yüklərin Asiya və Avropaya daşınması reallaşır.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində rolunu gücləndirməsi və gəlirlərini artırmaq hədəfləri öz dəmir yolları sistemlərinin İranın dəmir yolları şəbəkəsi ilə birləşdirməsi zərurətini yaradır.
Şimal-Cənub (Hindistandan başlayır) Rusiya, Hindistan və İran bazarı üçün önəm daşıyır, bu, onlar üçün daha çox yük daşınmasına nail olmaq deməkdir, amma Azərbaycanın cənub qonşusu ilə bəzi iqtisadi layihələri reallaşmamış qalır.
Şərq-Qərb layihəsi Şimal-Cənuba rəqib kimi dəyərləndirilə bilər (Çindən başlayır. Hər iki layihə Avropa ilə ticarət mübadiləsini genişləndirməyə hesablanıb). Amma Azərbaycan hər ikisində iştirakını şaxələndirməyi və reallaşması gözlənilən Zəngəzur koridorunu bu dəhlizlərə inteqrasiya etməyi qarşısına məqsəd qoyur.
Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İran üçtərəfli bağları iqtisadi əsaslarla bərkitmək istəyir. Bunun üçün Rəşt-Astara dəmiryolu çəkilməlidir, amma tikintinin İran tərəfinə düşən hissəsində ləngimələr müşahidə edilir.
Yəni İran İslam Respublikası ərazisində Rəşt-Astara (167 km) sahəsində dəmiryolu tikilməlidir.
Rəşt-Astara dəmiryolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq.
Daha sonra isə Rusiyanın Azərbaycan vasitəsilə daşıdığı məhsullar yenidən qatarlara yüklənərək Çabahar və Bəndər-Abbas limanlarına yola salınacaq.
Bu, həm Azərbaycanın, həm də İranın tranzit əhəmiyyətini artıran platforma deməkdir.
Hazırda Rusiya ilə İran arasında münasibətlər xoş olsa da, ikitərəfli ticarət dövriyyəsi elə də yüksək deyil. 2021-ci il üzrə Moskva-Tehran ticarət dövriyyəsinin həcmi dörd milyard dollardan çox olub.
Rəşt-Astara dəmiryolu istifadəyə verilsə, Rusiya ilə İranın ticarət həcmi çoxalacaq, Rusiya-Ukrayna müharibəsi, Qərbin Moskvaya da, Tehrana da tətbiq etdiyi sanksiyalar səbəbindən həmin layihənin reallaşması aktuallıq qazanır.
Azərbaycanın şimal qonşusu ilə cənub qonşusu iqtisadi əməliyyatlarda dollar və avrodan imtina edərək onu milli valyuta ilə əvəzləməyə də cəhdlər göstərirlər. Amma bu, real görünmür.
Birincisi, gələcəkdə Azərbaycan tranzit əhəmiyyətini artırmaq üçün dollardan imtina etməz, yəni təkcə Rusiya və İranın strateji istəkləri əsas götürülməyəcək.
İkincisi, dünya bazarları buna hazır deyil, dolların milli iqtisadiyyatlara təsiri böyükdür, qısası, ABŞ valyutası bazarlarda öz dominantlığını qoruyub-saxlayır.
Hərçənd ki, Kreml ilə Tehran israrlı görünürlər, amma bu arzuları hələlik maliyyə-bank sektorundakı əməliyyatlarla məhdudlaşır.
PROQNOZLAR:
Dünyanın milli valyutalarla beynəlxalq ticarət əməliyyatları keçirməsi hələ mümkün olmayacaq. Rusiya-Ukrayna müharibəsi dünya bazarlarında yeni şoklar yaratsa da, hətta ABŞ-da inflyasiya həddini qaldırsa da, ABŞ dollarının dəyəri azalmayıb.
Buna görə də ABŞ dövlətlərin milli pullarla beynəlxalq alış-veriş etməsinə əngəllər törədəcək, əgər bu əngəllər nəticə verməsə, o zaman dolların qiyməti ilə oynayaraq təzyiq rıçaqlarını genişləndirəcək.
Aqşin Kərimov