“Yüksəliş” müsabiqəsi final mərhələsinə start verdi – FOTO

Siyasət

“Bakı Ekspo Mərkəzi”ndə baş tutan “Yüksəliş” müsabiqəsinin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda idarəçi rəhbərlər çıxış ediblər.

Oxu.Az xəbər verir ki, panel müzakirələrinin birinci hissəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf çıxış ediblər.

Panelin ikinci hissəsində isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, “Paşa Holding”in baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən müzakirələr aparılıb. Müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri də iştirak ediblər.

İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Panel müzakirələri çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunun seçilməsində məqsəd müsabiqənin finalçılarına peşəkar idarəçilər tərəfindən təcrübələrini paylaşmaq imkanı yaratmaq, idarəetmə sistemində yeni yanaşmaların, rəqabətli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini vurğulamaqdır.

Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” formatında keçirilir. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.

Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların səkkiz səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyat, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Qeyd edək ki, final mərhələsi üç gün davam edəcək və müsabiqə 17 iyulda yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Daha çox şəkil burada: Photostock.az

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir