Elnur Allahverdiyev: “Beş ildir gəlib-getmirdilər, indi nə baş verib?” – MÜSAHİBƏ

Siyasət

“Rusiya ilə böhranlı münasibətlər fonunda Avropanın Azərbaycana ehtiyacı artır. İyulun 18-də təsdiqlənmiş razılaşmaya əsasən, yaxın iki ildə ölkəmiz “qoca qitə”yə qaz tədarükünü iki dəfə artıracaq. Siyasi müstəvidəki münasibətlər isə ürəkaçan deyil. Bunu Bakıda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyətinə ölkə başçısı İlham Əliyev də dedi”.

Bunu Avropa-Azərbaycan münasibətləri ilə bağlı Oxu.Az-a müsahibə verərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib. Deputat hesab edir ki, bu ikili münasibətdən Azərbaycan yox, onun müəllifləri itirir. Bizim isə dostumuz çoxdur.

– Həftənin ilk iki günündə Avropanın iki yüksək rütbəli funksioneri Azərbaycanda səfərdə oldular – Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister. Bu səfərləri necə qiymətləndirirsiniz? Onların Azərbaycan-Avropa münasibətlərinə hansı pozitiv təsiri olacaq?

– Biz Avropa ilə münasibətlərimizə hər zaman pozitiv prizmadan baxmışıq. Zaman-zaman bizə qarşı tutulan ədalətsiz mövqeyə rəğmən. Avropa bizim hazırda ən iri ticarət tərəfdaşımızdır və belə görünür ki, bu iqtisadi dialoq getdikcə daha da güclənəcək. Xanım Lyayenin səfərinin nəticələri bunu bir daha sübut edir. 

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin səfərinə isə bir qədər geniş toxunmaq lazımdır. Əslinə qalsa, cənab Prezident bütün lazım olanları yüksək qonağın özünə və nümayəndə heyətinin üzvlərinə dedi. Sonra Milli Məclisin sədri Sahibə Qafarova D.MakAlisterlə görüşdə Avropa Parlamentinin ədalətsiz mövqeyini tənqid etdi. Ancaq diqqəti daha bir məqama yönəltmək istəyirəm – bu səfərin reallaşdığı vaxta. Xanım Lyayenin səfərinin ardınca, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada yanacaq təlaşı yarandı. Sadəcə maraqlıdır, Azərbaycan rəhbərliyi ilə sonuncu belə görüş 2017-ci ildə olub və ondan sonra bizi yalnız qətnamə atəşinə tutublar. Tənqid etmədikləri sahə qalmayıb, indi isə çətin anda yada düşmüşük. 5 ildir gəlib-getmirdilər, məsafədən qətnamələr qəbul edirdilər, indi nə baş verdi? Çətinliyə düşən kimi Azərbaycan yada düşür.

– Bu qətnamələrdən biri də guya bizim Vətən müharibəsindən sonra “erməni tarixi abidələrini saxtalaşdırmağımıza” həsr olunub…

– Bəli, təsəvvür etmək çətindir. 30 il ərzində Ermənistan, erməni quldurları işğal etdikləri torpaqlarımızda tək xalqımıza deyil, tariximizə, təbiətimizə qarşı faşist münasibət bəsləyiblər. Nəyimiz var idi dağıdıblar, talan ediblər, saxtalaşdırıblar, özününküləşdirmək istəyiblər, amma Avropa Parlamenti bunu görməzdən gəlib. İndi biz bir kilsəni təmir edirik, onun tarixi görkəmini bərpa edirik, bütün Avropa narahat olub. Yaxşı, bu 30 ildə ora gedə bilmirdiniz, tutaq ki, müharibə şəraiti idi və mümkün deyildi. Hazırda nə olub? Gəlin, baxın görün kim dağıdıb, nələri dağıdıb, tarixi kim saxtalaşdırmaq istəyib? Ölkə başçısı çıxışında xüsusilə vurğuladı, Ağdam, Füzuli və Şuşaya gedin, baxın görün Azərbaycan oralarda hansı işləri görür və bundan əvvəl Ermənistan, erməni terrorçuları hansı qətliamları törədiblər bizə qarşı?!

– Bu yanaşmanın nə vaxtsa bitəcəyini gözləmək olarmı?

– Fikrimcə, bu barədə o qədər də çox düşünmək lazım deyil. Azərbaycanın dünyada yetərincə siyasi dəstəyi, hörməti var. Vətən müharibəsində Ermənistan və havadarlarının BMT-də səs-küy salmaq cəhdlərini xatırlayaq. Nəyə nail oldular? Azərbaycan dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı – Qoşulmama Hərəkatında sözü keçən əsas dövlətlərdən biridir. Yeri gəlmişkən, az öncə Bakıda üzv dövlətlərin parlamentlərini birləşdirən qurumun konfransı keçirildi. Milli Məclis bu şəbəkənin həyatında çox aktiv rol oynayır.

O ki qaldı Avropaya, qitənin ayrı-ayrı dövlətləri ilə strateji xarakterli münasibətlərimiz var. Bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır və Vətən müharibəsindəki qələbə bu reallığı daha da möhkəmlətdi. Bizim dostumuz çoxdur, istəyirik lap çox olsun. Avropadakı bəzi qüvvələrin seçimi onların öz problemləridir. Yaxın iki ildə biz Avropaya qaz tədarükümüzü iki dəfə artıracağıq. İndiyədək verdiyimiz sözü yerinə yetirdiyimiz kimi, bunu da edəcəyik. Azərbaycan sabit və etibarlı tərəfdaşdır. Çətin zamanın dostudur. Avropa Parlamentindəki bəzi qüvvələrin bunu unutmaması lazımdır. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir