“Kreml postsovet məkanına həyati maraqlar zonası kimi baxır” – RUSİYADAN ŞƏRH

Siyasət

“İrəvan və Tbilisi çoxvektorlu yanaşmanı emosional şəkildə müzakirə edərkən bu, Bakıda son dərəcə səmərəli şəkildə həyata keçirildi”.

Bu barədə rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin baş redaktoru Semyon Uralov öz “Telegram” kanalında yazıb. Ekspert ötən həftə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair imzalanmış memorandumu belə şərh edib. Bu memoranduma əsasən, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti iki dəfə artırılacaq, Aİ-yə qaz idxalı isə 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə çatdırılacaq. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bundan sonra bildirib ki, Azərbaycan ilə Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalisterlə görüşündə vurğuladığı kimi, Avropa ilə Azərbaycan arasında ziddiyyətlərin olduğu da göz qabağındadır. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmir:

“Avropa Parlamenti mahiyyət etibarı ilə Azərbaycana qarşı Ermənistan parlamentindən qat-qat aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin ki, hansısa erməni lobbi qruplarının onlara müəyyən təsiri var. Əks halda bunu başa düşmək çox çətindir”.

Təbii ki, hamını razı salmaq mümkün deyil. Moskva Azərbaycanın Aİ ilə qaz sahəsində əməkdaşlığından narazı qala bilərmi? Oxu.Az bu sualı Semyon Uralova ünvanlayıb:

– Rusiya ötən əsrin 70-ci illərindən mövcud olan siyasi və iqtisadi razılaşmaları pozan Avropa İttifaqı ilə rəqabətin kəskin mərhələsinə qədəm qoyur. Neft və qaz inteqrasiyası Sovet İttifaqı ilə Qərbi Avropa arasında münasibətlərin normallaşması üçün əsas idi. Sənayenin, ilk növbədə Qərbi Almaniya sənayesinin və s. inkişafı buna bağlı idi.

Rusiya postsovet məkanını Rusiya Federasiyasının strateji, həyati maraqları zonası hesab edir. Rusiya Federasiyasına qarşı yönəlmiş istənilən çoxvektorlu siyasət potensial düşmənçilik kimi qəbul ediləcək. Lakin eyni zamanda, Qərblə siyasi və iqtisadi qarşıdurmada Rusiyaya kömək edən çoxvektorlu yanaşma potensial dostluq jesti kimi nəzərdən keçiriləcək.

Rusiyanın hər bir müttəfiqi və qonşusu öz strategiyasını müəyyən etməlidir, ondan sonra Rusiya müəyyən edəcək. Azərbaycan hazırda ən effektiv çoxvektorlu yanaşmanın nümunəsidir. Enerji resursları Qərbə satılır, ölkə Qərb korporasiyaları ilə inteqrasiya olunur. Azərbaycandan olan əmək miqrantları Rusiyada işləyirlər. Ümumilikdə Azərbaycanın uğurlu çoxvektorlu siyasətinin parametrlərini mən nəşrimdə qeyd etmişəm.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir