“Mediasiya haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Qanunun 39-cu maddəsində “2020-ci ilin iyulun 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz ediləcək.
Qeyd edək ki, qanunun məcburi məhkəmə mediasiyasına dair müddəalarının qüvvəyə minməsi 2020-ci ilin 1 iyulundan nəzərdə tutulsa da, dəyişikliyə əsasən 2021-ci ilin 1 yanvarından qüvvəyə minəcək.
Xatırladaq ki, 2019-cu ildə qəbul olunmuş “Mediasiya haqqında” qanunda Azərbaycanda iqtisadi, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri məhkəməyə qədər həll etmək istəyənlərə mediasiya xidmətlərinin göstərilmə haqları qeyd edilib.
Nazirlər Kabinetinin qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin haqqı ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manatdır.
İqtisadi mübahisələr üzrə iddia qiyməti 500 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin haqqı 20 manat, iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda 40 manat, iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda 60 manat, iddia qiyməti 5001 manatdan 10 000 manatadək olduqda 100 manat, iddia qiyməti 10 001 manatdan 50000 manatadək olduqda 200 manat, iddia qiyməti 50 000 manatdan çox olduqda 400 manat müəyyən edilib.
İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq göstərilib.
Mediasiyanın tətbiqi isə belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Cavab “xeyr” olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.