Regionlarımızın davamlı inkişafını daha da stimullaşdıracaq yanaşmalar dəyərləndirilməlidir

Siyasət

Bu çətin bir o qədər də öyrədici dövrü müvəffəqiyyətlə keçəcəyimiz gündən sonrakı proseslər haqqında müxtəlif tezislər irəli sürülür. Bu fərziyyələr arasında xüsusilə diqqətəlayiq olanlardan biri də qloballaşma prosesinin gələcəyi ilə bağlıdır. Bir qrup ekspertlərin fikrincə hazırda baş verənlər nəticəsində dünyanın müxtəlif hissələrinin bir-birinə bağlılığı daha da sürətlənəcək. Kimiləri isə postpandemiya dövründə dövlətlərin daha çox öztəminat tendensiyalarına üz tutaraq qloballaşmanın azalacağını və yaxud daha aşağı templə davam edəcəyini düşünürlər.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda dövlət quruculuğu istiqamətində ardıcıl işlər görülmüşdür ki, burada da regionların inkişafı, habelə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün Cənab Prezidentin tam nəzarəti altında 2004-cü ildən başlayaraq dörd illik dövrləri əhatə edən və hazırda 2023-cü ilədək davam edəcək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları” uğurla həyata keçirilmişdir.

2020-ci ildə bütün dünyada tüğyan edən COVID-19 koronavirusu ÜST tərəfindən pandemiya elan edildikdən sonra Azərbaycan hökumətinin bu istiqamətdə apardığı uğurlu mübarizədə insan amili əsas götürülərək əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması prioritet istiqamətlərdən olub.

Artıq dövlətlər postpandemiya dövrünə qədəm qoymaqdadırlar. Bu baxımdan postpandemiya dövrü davamlı fəaliyyətdən kənarda qalma riski olan və ya proqnozlaşdırılan iqtisadi artımın az ola biləcəyi regionların davamlı inkişafı üçün əsas stimullaşdırıcı mexanizmlərin nəzərdən keçirilməsinin vacibliyini diktə edir. Bu mexanizmlərin əsas xüsusiyyəti regionların özünəməxsus inkişaf ehtiyaclarını təmin etmək üçün lokal xarakterli həll yollarını təklif etməkdir.

Nəzərdən keçirilə biləcək mexanizmlərdən biri “Əraziyə Əsaslanan İnkişaf” (ƏƏİ) yanaşmasıdır. Dörd əsas xüsusiyyətə malik olan ƏƏİ modeli ilk növbədə yerli problemləri daha geniş perspektivdən dəyərləndirib, müxtəlif sektorlararası tədbirləri (təhsil, gənclər, məşğulluq, iqtisadiyyat və s.) inteqrə edərək vahid yanaşma təklif edir. Bu vahid yanaşma tərtib edilərkən bütün əhali qruplarının (yaşlılar, gənclər, qadınlar, əlilliyi olan və s.) ehtiyacları öyrənilir və nəzərə alınır, bu isə vahid yanaşmanın əhatəliyini, başqa sözlə ifadə etsək inklüzivliyini təmin edir. Digər tərəfdən inkişaf ehtiyaclarının daha dərindən öyrənilməsi və onun əsasında tərtib olunacaq tədbirlər planının daha yaxşı nəticə verməsi məqsədilə hədəf seçilən ərazilərdə yaşayan əhalinin prosesdə iştirakına və proses üzərində məsuliyyəti mənimsəmələrinə böyük önəm verilir. Nəticə etibarı ilə qurulacaq vahid yanaşmanın tərkib hissəsini yerli şəraitə uyğunlaşdırılmış həll yolları təşkil edəcək.

Ölkəmizdə sistemli şəkildə bu yanaşmanın tətbiq olunması xüsusilə kənd yerlərində davamlı inkişafı təmin etməklə regionlarımızın sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının nəticəliyini daha da artıracaq.

Bu məqsədlə ilkin addım kimi bir və yaxud ortaq inkişaf problemləri və ehtiyacları olan bir neçə rayon hədəflənməli, bu bölgədə yerli və beynəlxalq mütəxəssislər tərəfindən qiymətləndirilmə aparılmalıdır. Nəticədə hədəflənmiş ərazinin davamlı inkişafı üçün tövsiyələr toplusu hazırlanmalı və ölkə rəhbərliyinə təqdim edilməlidir. Qiymətləndirmə ərazinin inkişaf modelinin müəyyənləşdirilməsinə və bu modelin əsaslandırılmasına xidmət etməlidir.

Daha sonra qiymətləndirmənin nəticələrinə əsasən bir neçə illik dövrü əhatə edəcək pilot layihənin sənədi hazırlanmalı və təsdiq edilməlidir. Qiymətləndirmə və pilot layihənin icrasında ən yaxşı təcrübələrin tətbiq olunması məqsədilə ƏƏİ proqramlarının idarəetməsi üzrə qlobal miqyasda təcrübəyə malik bir və ya bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq etmək məqsədəmüvafiq olardı. Beynəlxalq təşkilatın seçimi üçün əsas kriteriya kimi onun yerli inkişaf kontekstini və lokal problemləri yaxından tanıması, hökumətə layihənin icrasında dəstək göstərə bilmək üçün institusional və insan potensialına malik olması göstərilməlidir.

Sonda onu da vurğulamaq istərdim ki, yuxarıda qeyd etdiyim istiqamət üzrə tədbirlərin uğurlu icrası ölkəmizin 2015-ci ildə BMT tərəfindən qəbul edilmiş 17 Davamlı İnkişaf Məqsədinə çatması üçün yeni əsaslar yaradacaq. Eyni zamanda, bu məqsədlərə və onların 169 hədəfinə doğru irəliləyişi ölçmək üçün istifadə olunan indikatorlar təklif edilən ƏƏİ modelinin qiymətləndirmə bazasını təşkil etməlidir.         

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir