Səfir Polad Bülbüloğlu “Rosneft”in rəhbərinə “Dostluq” ordenini təqdim edib – FOTO

Siyasət

5 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Rusiyanın “Rosneft” şirkətinin Baş icraçı direktoru İqor Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

APA-nın Moskva bürosunun Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar sentyabrın 11-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və nümayəndə heyətinin digər üzvləri İqor Seçinlə görüşüblər.

Görüş zamanı Polad Bülbüloğlu Azərbaycan Prezidentinin təbrikini oxuyub və ordeni “Rosneft”in baş icraçı direktoru İqor Seçinə təqdim edib.

Öz növbəsində İ.Seçin belə bir yüksək mükafata görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktubunu Azərbaycan səfirinə təqdim edib, həmçinin Azərbaycan neftçilərinə xoş sözlərini çatdırıb.

SOCAR-ın prezidenti R.Abdullayev İ.Seçinə “Azərbaycanın Əməkdar neftçisi” diplomunu və döş nişanını təqdim edib.

Görüşdə, həmçinin Azərbaycanla Rusiya arasında, xüsusilə SOCAR və “Rosneft” arasında enerji sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir