“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ölkənin bank və maliyyə- kredit seqmentinin önəmli iştiraklarından birinə çevrilməkdədir. Fondun son illər ortaya qoyduğu sosial-iqtisadi layihələrin uğur qazanması, əhalinin müxtəlif təbəqələrinin bu struktur ilə işbirliyinin genişlənməsi dinamikası bu qənaəti təsdiqləyən əsas amildir”. Bu sözləri Fondun son dövrdəki fəaliyyətindən bəhs edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləmişdir.
Millət vəkili bildirmişdir ki, “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” ölkə Prezidentinin Fərmanı ilə 2005-ci ildə əsası qoyulmuş Fondun əsas məqsədi əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir.
Fondun əsas hədəfi əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Fond Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olaraq yaradılmış və 2006-cı ilin martında ölkədə ilk uzunmüddətli ipoteka krediti verilmişdir. Bu məqsədlə klassik ipoteka mexanizmi (alınan evin özünün ipotekaya qoyulması) yaradılmış, ipoteka kreditləri infrastrukturu tam formalaşmış (banklar, sığorta şirkətləri, qiymətləndiricilər, rieltorlar, habelə təkmil normativ-hüquqi baza, elektron ipoteka sistemi və s.) və MDB, eləcə də digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditləri şərtləri tətbiq olunmuşdur.
K.Qafarov qeyd etmişdir ki, fondun şərtləri vətəndaşlar üçün cəlbedicidir və müvafiq dövrün tələblərinə, həmçinin istehlakçının mənafeyinə uyğundur. Məsələn, minimal faiz dərəcəsi 3,7%-dən başlayır, orta faiz dərəcəsi isə 6,4% təşkil edir. Müqayisə üçün, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 8,9% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən, ipoteka krediti üzrə ilkin ödənişə tələb isə 10%-dən başlayır. İpoteka kreditləri yalnız milli valyutada və sabit faiz dərəcəsi ilə verilir və beləliklə də, borcalan məzənnənin və kredit üzrə faiz dərəcəsinin əlverişsiz dəyişməsindən sığortalanır.
Fond fəaliyyət göstərdiyi dövr ərzində onun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmuşdur. Verilən ipoteka kreditlərinin həcmi təxminən 1,5 milyard manat səviyyəsindədir. Kreditlərin tərkibi və həcmi də sosial ədalət prinsipləri əsasında müəyyənləşmişdir. Məsələn, bu kreditlərin 32%-i güzəştli kateqoriyalara aid şəxslərə, təxminən 71%-i gənclərə və gənc ailələrə verilmişdir. Bu kreditlərin 1/5 hissəsindən çoxu (23%-i) regionlarda reallaşdırılmışdır.
Millət vəkili göstərmişdir ki, güzəştli ipoteka kreditlərinin (9 297 ədəd, 465 mln. manat) strukturu da əhalinin mənzilə daha çox ehtiyacı olan müxtəlif kateqoriya üzrə əhali qruplarına təqdim olunmuşdur. Bu kateqoriya üzrə Fondun güzəştli ipoteka kreditlərindən yararlananların 66%-i hərbi qulluqçular,15%-i dövlət qulluqçuları, 7%-i isə məcburi köçkün və digər kateqoriyalardan olan şəxslərdir.
Fond tərəfindən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də təmin edilmişdir. Bunun nəticəsində 2018-ci ildən etibarən 1077 şəxsə 49 mln. manat məbləğində güzəştli ipoteka krediti, 25 şəxsə isə 859 min manat məbləğində adi ipoteka krediti verilmişdir. Maraqlı burasıdır ki, Agentliyin sərəncamında olan mənzillərin təxminən 70%-nin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilmişdir. Bundan əlavə, ipoteka kreditləri üzrə zəmanət mexanizmi yaradılmış və 2018-ci ilin sonlarından etibarən onun tətbiqinə başlanılmışdır.
K.Qafarov sözünə davam edərək bildirmişdir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu qısa müddət ərzində – cəmi 1 il – ölkə üçün tamamilə yeni bir məhsulu- innovativ yeniliyi – yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlayıb, əhalinin istifadəsinə vermişdir: Bu mexanizmə , əsasən, satmaq öhdəliyi ilə kirayə münasibətlərini tənzimləyən normativ bazanın hazırlanması, zəruri infrastrukturun yaradılması, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşların ehtiyaclarına uyğun və yaşayış üçün tam yararlı, müasir, rahat və təmirli mənzillərin alınması, vətəndaşların müraciətlərinin qəbulu və mənzillərin istifadəyə verilməsi. Bu mexanizm çərçivəsində Fondun gəlir əldə etmək məqsədi yoxdur. Vətəndaş tərəfindən həyata keçirilən ödənişlər yalnız mənzilin kirayə verilməsi ilə bağlı xərcləri ödəyir (mənzilin maya dəyəri, vəsaitin cəlb olunması xərci, sığorta xərci və s.).
Müraciətlərin emalının asanlaşdırılması və surətləndirilməsi məqsədilə sənədlərin qəbulu ASAN xidmət mərkəzləri vasitəsilə həyata keçirilir. Karantin dövrünə təsadüf etməsinə baxmayaraq qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda sənəd qəbulu bərpa edilib və evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur.
Millət vəkili sonda bildirmişdir ki, Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondunun fəaliyyətinin başlıca istiqaməti Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş genişmiqyaslı sosial islahatların tam dəstəklənməsi və yaradıcı şəkildə inkişaf etdirilməsidir. Dövlətimiz tərəfindən dinamik şəkildə reallaşdırılan sosial islahatlar paketinin əsas məqsədi isə xalqımızın daha firavan, daha qayğısız yaşaması istəyidir.
AİA.Az