Ülvi Quliyev: “Həyatda olduğu kimi, böyük siyasətdə də qardaş və həqiqi dostların sayı çox olmur”

Siyasət

Milli Məclisin deputatı Ülvi Quliyev Modern.az-a müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Ermənistan KİV-lərində və internet portallarında yayılan məlumatlar göstərir ki, işğalçı qanunsuz məskunlaşdırma siyasətini Qarabağda davam etdirir, Suriyadan və Livandan etnik erməniləri Qarabağa yerləşdirir. Nüfuzlu ekspertlərimizdən bir qismi bunu ciddi proses kimi qəbul etməməyi tövsiyə edir, sırf erməni təbliğatı ilə əlaqələndirirlər. Buna münasibətiniz?

– Bir var bəyanat, niyyəti özündə əks etdirən açıqlama, bir də var real addım və əməl. Yəni Ermənistanın bu gün yürütdüyü siyasət təkcə təbliğata hesablanmayıb, onun addımları faktiki olaraq Qarabağda demoqrafik vəziyyətin dəyişdirilməsi, ilhaq siyasətinin yeni müstəviyə keçirilməsi məqsədini güdür. İşğalçı bununla 1949-cu il Cenevrə Konvensiyasının və əlavə protokollarının tələblərini, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statusunun müddəalarını kobud şəkildə pozur, faktiki olaraq növbəti hərbi cinayətə imza atır.

Konkret Ermənistan – Azərbaycan münaqişəsinə aid olan beynəlxalq – normativ aktlar da mövcuddur. Bunlar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 ,884 nömrəli qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsidir. Bu sənədin tələbinə görə, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin olduğu kimi qalmasına hər hansı bir dövlətin kömək, yardım göstərməsi qadağandır.

Qətnamənin müəyyən etdiyi bu qadağa Suriya və Livan hökumətlərinin, dünya birliyinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə bir daha çatdırılmalıdır. Ölkəmizə qarşı müharibə informasiya və hərb sahəsində aparıldığı üçün, cavab tədbirlərimiz də hər iki sahədə paralel surətdə aparılır və onların əhəmiyyətini kiçiltmək doğru deyil.

– ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə apardıqları məsləhətləşmədən sonra növbəti bəyanatlarını yayıblar. Həmin bəyanatdan çıxarmalı olduğumuz nəticə nədən ibarətdir?

– Sizin kimi mən də görmək istədiyimiz nəticənin axtarışındayam. Cəmiyyətimizin az da olsa mənəvi rahatlığını o təmin edərdi ki, N.Paşinyanın və Ermənistanın digər rəsmlərinin Qarabağa müntəzəm xarakter almış səfərlərinə, Suriya və Livandan olan etnik ermənilərin Qarabağa köçürülməsinə, işğalçının qanunsuz məskunlaşma siyasətinə həmsədrlər sərt etirazlarını bildirsinlər. Bəlkə bağlı qapılar arxasında bunu ediblər, bilinmir, bəyanatda bu haqda heç nə deyilmir. Görünən odur ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqları davam etdirmək niyyətindədirlər, monitorinqin bərpası istiqamətində atılan addımları dəstəkləyirlər. Bəyanatdan anlaşılan odur ki, Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatına həmsədrlərin münasibətinin əsasında yenə də balanslı yanaşma dayanır. Bəyanatda bildirilir ki, “onlar tərəflərin mesajlarını və narahatlıqlarını diqqətlə nəzərdən keçirərək qiymətləndiriblər”. İşğalçı ilə işğala məruz qalan, təxribatçı ilə təxribata uğrayan tərəflər arasında qoyulan bərabərlik işarəsindən irəli gələn növbəti açıqlamanın şahidi olduq. Dediyim kimi, məsləhətləşmələr bağlı qapılar arxasında keçirildiyindən, fərqli mövqelər barədə konkret məlumatımız yoxdur…

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı göndərdiyi təbrik məktubunda yer alan fikirlər isə aydın və konkret, cəmiyyətimizin görmək istədiyi ədalətli mövqenin təzahürüdür.

Təbrikdə bu mövqe bir cümlədə belə ifadə olunur: “Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə,bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur”. Cəmiyyətimiz bəzən belə mövqeni daha çox ünvanlardan gözləyir. Ancaq normal həyatda olduğu kimi, böyük siyasətdə də qardaş və həqiqi dostların sayı çox olmur. Həyatdakı bu reallıqla barışdığımız kimi, siyasətdə olan həqiqətləri də dəqiq görüb yetərincə dəyərləndirməliyik. Allah Nuru Paşaya, Böyük Türk Dünyamızın bütün şəhidlərinə rəhmət eləsin. Əminəm ki, Dövlət Başçılarımızın qardaşlığı, tarixi bağlarımız ədalətin bərpasında həlledici sözünü mütləq deyəcək. Tarix təkrarlanmalıdır!

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir