Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov səfir Kristian Kamili təyinatı münasibətilə təbrik edərək, İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
Kristian Kamill ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söylədi. Isveçin Azərbaycanda diplomatik təmsilçiliyini yüksəltməsinin ölkəmizə verilən əhəmiyyətin göstəricisi olduğunu vuğuladı. O, diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycan və İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli platformalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparıldı. İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində İsveç Xarici İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olundu.
Nazir Ceyhun Bayramov İsveç səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin 12-16 iyul hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son zamanlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verdi. Nazir, İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə etdi.
Səfir Kristian Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğuladı.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.