Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı daha da güclənən və dərinləşən BMT – Azərbaycan əlaqələrinin bariz nümunəsidir.
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında deyib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi istiqamətində səylərindən bəhs edib.
Dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və beynalxalq əməkdaşlığa əsaslanan dayanıqlı inkişafa olan ehtiyacını xüsusi vurğulayıb.
Dövlət başçısı, Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu da qeyd edib.
M.Əfəndiyev xatırladıb ki, İlham Əliyev, Azərbaycan Prezidenti kimi Dağlıq Qarabağ məsələsinə toxunub:
“BMT Nizamnaməsinin öhdəliklərini və BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnaməni heçə sayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistan dövlətinin Azərbaycanın suverenliyinə və regionun təhlükəsizliyinə qarşı yaratdığı təhdid sessiya iştirakçılarının nəzərinə bir daha çatdırılıb.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan “Qarabağ Ermənistandır” bəyanatı vasitəsilə pozulması faktı da xüsusi qeyd olunub”, – deyə M.Əfəndiyev əlavə edib.
O bildirib ki, ölkə başçısı Azərbaycanın multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq, güclü dəstək verəcəyini, hazırkı müzakirələrin fəal iştirakçısı olacağına əmin olduğunu söyləyib.
Deputat iqlim dəyişikliyi, iqtisadi inkişaf, koronavirus pandemiyası, biomüxtəliflik və Pekin Bəyannaməsinin 25-ci ildönümünün, bu fəaliyyət çərçivəsində məsələlərin müzakirəsinin 75-ci Sessiyasının əsas gündəliyini təşkil etdiyini də bildirib.
Millət vəkilinin fikrincə, BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasını xüsusi edən əsas məqamlardan biri ona məhz türk diplomat Volkan Bozkırın sədrlik etməsidir.