Xarici işlər nazirinin müavini AQEM-ə üzv dövlətlərin onlayn iclasında iştirak edib

Siyasət

Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin Xarici işlər nazirlərinin videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Araz Əzimov iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, iclasda 2020-2022-ci illər üzrə AQEM-də sədrliyin Qazaxıstan Respublikasına keçməsi ilə əlaqədar bu ölkənin sədrlik proqramı və prioritetləri təqdim edilib. Həmçinin Qazaxıstanın nümayəndəsi səfir Kayrat Sarıbəyin AQEM-in icraçı direktoru vəzifəsinə seçilməsi barədə qərar qəbul olunub.

Araz Əzimov iclasda çıxış edərək AQEM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və üzv dövlətlərin üzləşdiyi hədə və çağırışlarla mübarizə sahəsində təşkilatın səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb. Nazir müavini COVID-19 pandemiyası ilə mübarizə sahəsində istər milli, istərsə də ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan Respublikası tərəfindən atılan addımlara toxunaraq, xüsusilə hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin təşəbbüsü ilə atılan addımların AQEM çərçivəsində bu sahədə əməkdaşlıq üçün yaxşı nümunə təşkil etdiyini diqqətə çatdırıb.

Azərbaycanın regional və transregional nəqliyyat infrastrukturunun inkişafı və əlaqəliliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini qeyd edən nazir müavini AQEM çərçivəsində həmin sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün praktiki əməkdaşlıq üçün tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. Araz Əzimov bu kontekstdə nəqliyyat və tranzit infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olduğunu bildirən Araz Əzimov Ermənistanın hazırkı rəhbərliyinin məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara zərbə vuran təxribatçı və təhrikedici fəaliyyətinə və bəyanatlarına diqqəti cəlb edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qəsd edən bu davranış və bəyanatları, o cümlədən münaqişənin həlli ilə bağlı irəli sürülən təklifləri nümayişkaranə şəkildə rədd etməsi ilə Ermənistan rəhbərliyinin danışıqları mənasız etdiyini vurğulayıb.

Xarici İşlər nazirinin müavini AQEM-in beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri üzərində qurulduğunu qeyd edərək, bu təməl prinsiplərin pozuntularına qarşı AQEM üzv dövlətlərinin prinsipial mövqe və həmrəylik nümayiş etdirməsinin vacib olduğunu vurğulayıb.

Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsi məqsədilə beynəlxalq ictimaiyyət, o cümlədən AQEM-in üzv dövlətləri tərəfindən zəruri addımlar atılmasının vacib olduğunu bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir