Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni təxribat və gərginliyin artmasına görə məsuliyyət daşıyacaq.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrdə videomüraciətlə çıxış edərkən bildirib.
“Təəssüf ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Danışıqlar konkret məsələlərin həllinə yönəlməlidir.
Minsk Qrupunun həmsədr dövlətləri bir neçə dəfə status-kvonun saxlanılmasını qəbuledilməz adlandırıblar. Biz bu bəyanatları dəstəkləyirik, lakin bizə real addımlar və nəticələr lazımdı”, – deyə dövlət başçısı bildirib.
Prezident BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə, Azərbaycan torpaqlarının azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıb.
Tovuz döyüşlərindən sonra Ermənistana 1000 ton silah-sursatın daşınmasına diqqət yetirən İ.Əliyev bildirib ki, digər ölkələr rəsmi İrəvana silah göndərməyi dayandırmalıdır.
O qeyd edib ki, dünyanın ən kasıb ölkələrindən biri olduğunu nəzərə alaraq, Ermənistan silahı pulla deyil, havayı əldə edir.