Bu günə qədər Ermənistan tərəfinin apardığı siyasət danışıqlar prosesinin məhv olmasına yönəlib. Onların istədiyi də elə bu idi.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi gərginliklərin yaranmasında maraqlıdırlar:
“Danışıqlar prosesində onlar öz üzərinə düşən öhdəlikləri gözəl başa düşürdülər. Öhdəliklər ondan ibarətdir ki, onlar işğal olunmuş ərazilərimizi azad etməlidirlər. İşğal olunmuş əraziləri azad etməmək üçün onlar hərbi, siyasi təxribatlara yol verirlər. Hərbi xarakter daşıyan təxribat da bunun növbəti baris nümunəsidir. Azərbaycan Respublikası tərəfindən bu ölkəmizə qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir. Baxmayaraq ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı işğalın davam etməsi öz-özlüyündə Azərbayacana qarşı güc tətbiq edərək hədələmə siyasətinin tərkib hissəsidir”.
H.Hacıyev Azərbaycanın beynəlxalq ictimaiyyətə müraciətindən də danışıb:
“Biz Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük lakin, bizim də onlara müraciətimiz ondan ibarətdir ki, bütün səylər səfərbər edilərək, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmasının təmin edilməsidir. Bu işğala son qoyulmayınca Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin təmin olunması qeyri-mümkündür. Biz bunu hər fürsətdə görürük. Ermənistanın hərbi aventura xarakterli siyasətinin də şahidi oluruq”.