İlham Əliyev: “Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb”

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının çıxışı 2020-ci il 25 sentyabr tarixində çəkilib.

Prezident İlham Əliyevin

çıxışı

Cənab Baş katib.

Hörmətli dövlət və hökumət başçıları.

Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir.

Biz 2016-cı ildə əsas vəzifəsi milli prioritetlərin müəyyən edilməsindən, müxtəlif dövlət proqram və strategiyalarının “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşdırılmasından ibarət olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası təsis etmişik.

Azərbaycan “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmuş, “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında isə ciddi irəliləyiş əldə etmişdir.

Bizim nailiyyətimiz “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunmuşdur. Belə ki, oradakı “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşmışdır.

Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir.

Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır.

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur.

Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.

Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. Bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir.

COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.

Pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.

Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.

Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir.

Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir. Sağ olun!

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir