“Fransanın son bəyanatları balansın pozulmasına gətirib çıxarır. Ancaq balansı qorumaq Fransanın birmənalı işidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Arzu Nağıyev deyib.
O bildirib ki, Emmanuel Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransada erməni seçicilərin səsi uğrunda mübarizə aparır:
“Fransa daim müsəlman ölkələrinə qarşı mövqeyi ilə seçilib. Ancaq bu münasibətin sonu hər kəsin yadındadır. Fransa və Azərbaycan arasında dostluq münasibətləri daim olub.
Ancaq Makronun son açıqlamaları bu münasibətləri kölgə altına qoyur. Məlum məsələdir ki, ulu öndər müstəqillikdən sonra ilk səfərini Fransaya edib, 2003-cü ildə Prezident İlham Əliyevin də Fransaya səfəri olub. Bizim ölkələrimiz arasında neft müqavilələri var. Ona görə də Fransa ciddi şəkildə ATƏT-in Minsk qrupu həmsədri kimi mövqeyini ortaya qoymalıdır və balansı qoruya bilməyəcəksə, həmsədrlikdən çəkilməlidir”.