Elşad Mirbəşiroğlu: “Qarabağ münaqişəsində vəziyyət kəskinləşdikdən sonra ATƏT-in vasitəçiliyinə gərək yoxdur”

Siyasət

Azərbaycan prezidentinin səsləndirdiyi vacib məqam odur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Azərbaycana qarşı intensiv olaraq hərbi təcavüzlər törədir. Azərbaycan isə yalnız bunun qarşısını almaq məqsədilə adekvat addımlar atır. Sonuncu təxribatlara cavab olaraq isə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bunun üçün Azərbaycanın bütün hüquqi-siyasi əsasları mövcuddur.

Bu sözləri Oxu.Az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan prezidenti beynəlxalq ictimaiyyətə müraciətində dəfələrlə Ermənistanın genişmiqyaslı müharibəyə hazırlaşdığı barədə məlumat verib:

“Həmçinin Ermənistanın davamlı olaraq Azərbaycana qarşı hərbi təxribatlar törətdiyini və bu təxribatlar zamanı Azərbaycanın mülki əhalisi və obyektlərinə ciddi ziyan vurulması da müntəzəm olaraq səsləndirilən fikirlərdən olub. Ölkə başçısı İlham Əliyev sonuncu dəfə BMT Baş Assembleyasının 75-ci yubiley sessiyasında çıxışı zamanı da bildirib ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirir. Prezident İlham Əliyev regionda bu istiqamətdə yaranacaq münaqişənin məsuliyyətini birbaşa Ermənistan tərəfinin daşıdığını da qeyd edib.

Ermənistanın iyul ayının 12-də Azərbaycana qarşı törətdiyi təxribatlara Azərbaycan tərəfinin sərt reaksiyasını gördükdən sonra onlar daha da intensiv xarakterli təxribatlara əl atıb. Regionda vəziyyətin qarışması və çətinləşməsi üçün Ermənistan tərəfi əlindən gələni etməyə davam edir. Bütün bunlar ondan xəbər verir ki, Ermənistanın qərb dairələrinin yaxından dəstəyi və konkret təlimatlar əsasında vəzifələndirilmiş N.Paşinyan regionda gərginliyin yaranmasına və buna kənar güclərin qoşulmasına maraqlıdır”.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağın Azərbayan ərazisi olduğunu açıq şəkildə səsləndirməsələr belə, mövqelərindən aydın başa düşülür ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar”

Deputat həmçinin qeyd edib ki, 12 iyulda Ermənistanın baş naziri N.Paşinyan Azərbaycana qarşı hərbi təxribatlar törətdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da kömək üçün özü müraciət etmişdi:

“Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onun müraciətinə reaksiya verməyib. Çünki 2016-cı ilin Aprel hadisələrindən sonra Təşkilat bildirib ki, Dağlıq Qarabağ ərazisində hərbi toqquşmalar getdiyi halda prosesə cəlb olunmaq hüququna malik deyillər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı o halda üzv ölkələrə yardım edir ki,  onun ərazisinə hərbi müdaxilə halı qeydə alınsın. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu mövqeyi onu göstərir ki, onlar Dağlıq Qarabağı heç bir halda Ermənistan ərazisi hesab etmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən ona görə də Ermənistana nə bu gün, nə də 2016-cı ilin Aprel döyüşlərində heç bir yardım göstərilməyib”.

“N.Paşinyan Ermənistanın törətdiyi son təxribatlardan sonra davamlı Rusiya və Fransının prezidentlərinə zəng edərək açıq şəkildə yardım istəyir”

E.Mirbəşiroğlu sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdikləri növbəti hərbi təxribatlardan sonra N.Paşinyan davamlı olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Fransanın prezidenti Emmanuel Makrona telefonla müraciət edərək açıq şəkildə yardım istədiyini qeyd edib. O bildirib ki, Fransadan fərqli olaraq Rusiya tərəfi bu və ya digər şəkildə bu məsələdə öz neytrallığını qoruyub saxlayır:

“Təbii ki, Rusiyada bu münaqişənin dinc yollarla tənzimlənməsini istədiyini dilə gətirib, amma Rusiyadan fərqli olaraq Fransa prezidenti işğalçı rejimin tərəfində olduğunu göstərdi. Ümumiyyətlə vasitəçilik mövqeyini üzərinə götürən subyekt kimi Fransanın sərgilədiyi mövqe yolverilməzdir. Çünki, əslində münaqişənin tənzimlənməsi ilə bağlı bu və ya digər formada vasitəçi rolunu oyanayan subyekt tərəflərin heç birinin mövqeyini dəstəkləyə bilməz. Bu heç bir halda səmərəli fəaliyyət hesab oluna bilməz.

Fransanın bu mövqeyindən sonra deyə bilərik ki, bundan sonra Fransa heç bir halda vasitəçilik mövqeyini daşıya bilməz. Onlar təcavüzkar Ermənistanın tərəfini dəstəklədiyini açıq şəkildə nümayiş etdirmiş oldu. Azərbaycanın mövqeyini isə bütün beynəlxalq instansiyalara olduğu kimi təqdim edən ölkə başçısı İlham Əliyev eyni qətiyyətli mövqeyini Fransa prezidenti ilə telefon danışığı zamanı da vurğulayıb.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşma ilkin mərhələlərdən ayrı-ayrı iri dövlətlərin maraqlarına uyğun olaraq, məqsədli şəkildə yanlış olunub. Çünki, Azərbaycan Dağlıq Qarabağla birlikdə BMT Baş Assambleyasının üzvlüyünə qəbul olunub. Bu günləri Azərbaycanın bir hissəsi olan Qarabağın statusu ancaq Azərbaycanın daxili problemi kimi həll oluna bilərdi. Əgər BMT Azərbaycanı öz sıralarına Dağlıq Qarabağla birlikdə qəbul edibsə, ümumiyyətlə Dağlıq Qarabağın statusu məsələsinə kənar güclərin qarışması yanlış idi”.

“Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına hər hansı ehtiyac yoxdur. Azərbaycan artıq özünün güc mövqeyini formalaşdırıb”

Azərbaycan regional sülhün və təhlükəsizliyin təmin olunmasına həssas yanaşaraq, münaqişənin tənzimlənməsində ATƏT-in vasitəçilik missiyasına həyata keçirməsini qəbul etdiyini deyən millət vəkili onu da qeyd edib ki, ATƏT Azərbaycanın bu humanist davranışından, beynəlxaq hüquq normalarına diqqətli davranışından nəticə çıxararaq münaqişənin həlli ilə bağlı obyektiv mövqe sərgiləməyib:

“Ən azından onlar Ermənistanı öz adı ilə, yəni işğalçı dövlət adlandırmalı idi. Eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq, Fransa da ən azından münaqişə vəziyyətində neytral, bitərəf mövqe tutmalı idi. Lakin Ali Baş Komandan İlham Əliyevin Fransa prezidenti E.Makronla danışığı zamanı bildirdiyi qətiyyətli mövqeyindən bu nəticəyə gəlmək olar ki, Azərbaycan özünün ərazi bütövlüyü məsələsində heç bir halda güzəştə getməyəcək. Fransa daxil olmaqla, beynəlxalq təşkilatlar ATƏT-in Minsk qrupu bu günə kimi atmalı olduqları reallaşdırmalı idilər. Artıq vəziyyət kəskin şəkildə dəyişdikdən sonra hesab edirəm ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına hər hansı ehtiyac yoxdur. Azərbaycan artıq özünün güc mövqeyini formalaşdırıb. Bu mövqe təkcə siyasi müstəvidə deyil, eyni zamanda hərbi, iqtisadi, psixoloji məqamlardan da müşahidə olunmaqdadır.

Qeyd edim ki, 1994-cü il mayın 12-də atəşkəs haqqında imzalanan Bişkek protokolu da qüvvədən düşmüş hesab olunmalıdır. Azərbaycan bu gün cənab Ali Baş Komandan, cənab İlham Əliyevin qeyd etdiyi kimi öz ərazi bütövlüyünün işğaldan azad olunması  istiqamətində hərtərəfli fəaliyyətdədir və bu istiqamətdə bizim güclü iradəmiz, potensialımız var. ATƏT-in Minsk qrupu da, Fransa da Azərbaycan prezidenti İlham Əliyevin çıxışından ciddi nəticə çıxarmalıdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir